
Fevral ayında ABŞ və İsrailin İrana qarşı başladığı “Epic Fury” əməliyyatı bölgədə onsuz da yüksək olan gərginliyi tamamilə yeni mərhələyə keçirdi. İranın nüvə və hərbi infrastrukturunu hədəf alan əməliyyatlardan sonra Tehran sürətli və gözlənilməz cavab verdi. Birbaşa genişmiqyaslı regional müharibəyə girmədən İran Hörmüz boğazı üzərində nəzarəti sərtləşdirdi və dünya iqtisadiyyatının ən həssas nöqtəsinə təzyiq göstərməyə başladı.
Bu gün artıq Hörmüz boğazı formal olaraq tam bağlanmasa da, praktiki olaraq ciddi məhdudiyyətlər altında fəaliyyət göstərir. İranın boğazın müəyyən hissələrini minalaması, “qeyri-dost ölkələrə” aid tanker və yük gəmilərinə keçid məhdudiyyətləri tətbiq etməsi qlobal enerji bazarında şok effekti yaradıb. Müharibədən əvvəl gündəlik normal axınla müqayisədə tanker trafikinin 70-90 faiz azalması beynəlxalq bazarlarda görünməmiş panika formalaşdırıb.
Əslində məsələ yalnız enerji daşımaları ilə bağlı deyil. Hörmüz boğazı müasir qlobal iqtisadiyyatın əsas arteriyalarından biridir. Dünya neftinin təxminən dörddə biri və mayeləşdirilmiş təbii qazın böyük hissəsi məhz bu marşrut üzərindən daşınır. İranın yeni ali rəhbərliyi və Xarici İşlər Naziri Abbas Əraqçinin son açıqlamaları isə göstərir ki, Tehran artıq bu məsələni sadəcə hərbi təzyiq vasitəsi deyil, yeni regional düzənin əsas elementi kimi görür.

İran açıq şəkildə bildirir ki, müharibədən sonra Körfəz təhlükəsizlik sistemi dəyişməlidir və Hörmüz boğazı üzərində əsas nəzarət Tehranın əlində olmalıdır. Bu yanaşma faktiki olaraq ABŞ-ın onilliklər boyu bölgədə qurduğu təhlükəsizlik arxitekturasına meydan oxumaq deməkdir. İranın IRGC nəzarəti altında “rüsum” sistemi yaratmaq planı isə beynəlxalq ticarətin sərbəstliyi prinsipinə birbaşa zərbə vurur.
Vaşinqton əvvəlcə vəziyyətə sərt cavab verməyə çalışdı. Donald Tramp administrasiyası “Project Freedom” əməliyyatı ilə beynəlxalq ticarət gəmilərini hərbi konvoylarla müşayiət etmək planını gündəmə gətirdi. Məqsəd həm enerji axınını qorumaq, həm də İranın boğaz üzərində tam dominantlıq qurmasının qarşısını almaq idi. Lakin son günlərdə diqqətçəkən hadisə baş verdi: ABŞ əməliyyatı müvəqqəti şəkildə zəiflətməyə başladı və diplomatik kanallar ön plana çıxdı.
Bunun əsas səbəbi isə Çindir
Hazırda dünyanın siyasi və iqtisadi taleyini müəyyən edə biləcək əsas proses Vaşinqton və Pekin arasında gedən gizli və açıq danışıqlardır. Donald Trampın gələn həftə Pekinə planlaşdırılan səfəri adi diplomatik görüş deyil. Bu səfər artıq yeni dünya düzəninin müzakirə platforması kimi qiymətləndirilir.
Vaşinqton anlayır ki, İran üzərində real təsir imkanına sahib yeganə böyük güc məhz Çindir. Tehran iqtisadi baxımdan böyük ölçüdə Pekindən asılı vəziyyətə düşüb. İran neftinin əsas alıcısı Çin olaraq qalır və Qərb sanksiyalarına baxmayaraq tərəflər arasında enerji əməkdaşlığı davam edir. Buna görə də Tramp administrasiyası Pekinin vasitəçi roluna ciddi ümid bağlayır.

Abbas Əraqçinin 6 may tarixində Pekinə səfəri də təsadüfi deyil. Tehran Trampın səfəri öncəsi Çinlə strateji koordinasiyanı gücləndirməyə çalışır. İran rəhbərliyi başa düşür ki, mövcud böhran yalnız hərbi güclə idarə edilə bilməz. Ona görə də Çinlə münasibətlər artıq sadəcə iqtisadi əməkdaşlıq deyil, rejimin təhlükəsizlik strategiyasının əsas hissəsinə çevrilib.
Ən diqqətçəkən məqamlardan biri isə Tehranın “post-müharibə regional təhlükəsizlik arxitekturası” ideyasıdır. İran ilk dəfə açıq şəkildə Çinin Hörmüz boğazının təhlükəsizlik mexanizmlərində iştirakına yaşıl işıq yandıra biləcəyini göstərir. Bu isə olduqca böyük geosiyasi dəyişiklik deməkdir. Əgər Çin gələcəkdə Körfəz təhlükəsizlik sistemində aktiv iştirakçıya çevrilərsə, ABŞ-ın bölgədəki dominantlığı ilk dəfə ciddi şəkildə sarsıla bilər.
Bəzi analitiklər artıq “yeni Yalta” ssenarisindən danışırlar. İddialara görə Tramp administrasiyası Çinlə “G2” modelini – yəni dünyanın iki supergüc tərəfindən birgə idarə olunması ideyasını müzakirə edir. Bu modeldə əsas məqsəd qarşıdurmanı azaltmaq və qlobal iqtisadi sistemin dağılmasının qarşısını almaqdır.

Lakin bu danışıqların arxasında son dərəcə sərt geosiyasi bazarlıq gedir. Çin Trampın səfəri öncəsi Tayvan məsələsində Vaşinqtondan daha açıq mövqe tələb edir. Pekin artıq “Tayvanın müstəqilliyini dəstəkləmirik” formulunu kifayət hesab etmir və ABŞ-dan faktiki olaraq Tayvan müstəqilliyinə qarşı olduğunu bəyan etməsini istəyir.
Əvəzində isə Vaşinqton Çindən İran üzərində təzyiq göstərməsini və Hörmüz böhranını yumşaltmasını gözləyir. Tramp administrasiyasının bəzi ticarət tariflərində güzəştlərə hazır olduğu barədə məlumatlar da məhz bu kontekstdə ortaya çıxır.
Hazırda bütün bu proseslərin ən ağır nəticələrini hiss edən bölgə isə Avropadır

Avropa iqtisadiyyatı son illərdə ardıcıl zərbələr alıb. Pandemiya, Ukrayna müharibəsi və enerji böhranından sonra indi Yaxın Şərqdəki münaqişə qitəni yeni iqtisadi təhlükə ilə üz-üzə qoyur. Qətərdən LNG tədarükünün zəifləməsi və sərt keçən qış mövsümü Avropanın qaz ehtiyatlarını kritik həddə yaxınlaşdırıb. Qaz anbarlarının bəzi ölkələrdə 30 faizə qədər boşalması enerji bazarında panikanı artırır.
Neft və qaz qiymətlərinin yüksəlməsi Avropanın sənaye sektorunu ağır vəziyyətə salıb. Xüsusilə Almaniyanın kimya və metallurgiya sənayesi ciddi təzyiq altındadır. İstehsalat xərclərinin 30 faizə yaxın artması artıq “deindustrializasiya” təhlükəsi barədə müzakirələri gücləndirib. Bir sıra şirkətlər istehsalın bir hissəsini ABŞ və Asiyaya köçürməyi nəzərdən keçirir.
Ən böyük təhlükə isə “staqflyasiya” riskidir. Yəni iqtisadi artımın zəifləməsi fonunda yüksək inflyasiyanın davam etməsi. Avropa Mərkəzi Bankının son hesabatlarında həm inflyasiya proqnozlarının artırılması, həm də ÜDM artımının aşağı salınması məhz bu təhlükənin göstəricisidir.
İtaliya və Böyük Britaniya kimi enerji asılılığı yüksək olan ölkələr artıq texniki resessiya həddinə yaxınlaşır. Əgər Hörmüz böhranı uzunmüddətli xarakter alarsa, Avropa iqtisadiyyatının yeni və daha dərin durğunluğa sürüklənməsi ehtimalı artır.
Bütün bunlar göstərir ki, hazırda dünya sadəcə regional müharibə yaşamır. Əslində beynəlxalq sistem yeni güc balansının formalaşdığı son dərəcə kritik keçid dövründən keçir. ABŞ əvvəlki kimi təkqütblü dominant mövqeyini qorumaqda çətinlik çəkir, Çin isə iqtisadi gücdən siyasi və təhlükəsizlik təsirinə keçməyə başlayır. İran isə bu böyük qarşıdurmada strateji coğrafiyasından istifadə edərək öz rolunu maksimum artırmağa çalışır.
İndi dünya bazarları, hökumətlər və investorlar bir suala fokuslanıb: Trampın Pekin səfəri nəticə verəcəkmi?
Əgər ABŞ və Çin arasında minimum anlaşma əldə olunarsa, Hörmüz boğazında gərginlik müəyyən qədər azala bilər və dünya iqtisadiyyatı nəfəs almaq imkanı qazanar. Lakin danışıqlar uğursuz olarsa, qarşıdakı aylarda qlobal iqtisadiyyatın yeni və çox daha ağır böhran mərhələsinə daxil olması ehtimalı olduqca yüksək görünür.
Mövsüm NOVRUZOĞLU,
AzNews.az