Türkiyə ilə danışıqlarda iştirak edən erməni tərcüməçi avtomobilində ölü tapıldı

7 May 2026 16:58 (UTC+04:00)

Göyçə gölünün yaxınlığında park edilmiş “Nissan” markalı avtomobildən xilasedicilər tərəfindən Gevorq Kaloşyanın cəsədi aşkarlanaraq çıxarılıb.

AzNews.az Crossmedia.az-a istinadən xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb.

Məlumata əsasən, Kaloşyan uzun illər ərzində Ermənistan–Türkiyə formatında keçirilən müxtəlif görüşlərdə erməni tərəfinin tərcüməçisi kimi fəaliyyət göstərib. O, hadisədən bir gün əvvəl Gümrü–Qars dəmir yolunun bərpası və yenidən açılması ilə bağlı keçirilən işçi görüşdə də iştirak edib və Türkiyə nümayəndə heyəti ilə yaxın iş əlaqələrinin olduğu bildirilir.

Erməni KİV-ləri, həmçinin hadisə ilə bağlı əlavə məlumatlara istinad edərək, Kaloşyanın dostunun yaralandığını, eləcə də ölkə daxilində ayrı-ayrı siyasi fiqurlara qarşı hücumlarla bağlı xəbərlərin də yayıldığını qeyd edirlər.

Hazırda hadisənin detalları və ölüm səbəbi ilə bağlı rəsmi qurumlar tərəfindən araşdırma aparıldığı bildirilir.