​“Makron Ermənistandakı davranışları ilə Fransanın itirilmiş mövqelərini bərpa etmək istəyir” – Mübariz Göyüşlü

7 May 2026 20:48 (UTC+04:00)

"Hesab edirəm ki, Emanuel Makron Ermənistandakı son davranışları ilə Afrikada və dünyanın digər bölgələrində Fransanın itirdiyi mövqeləri kompensasiya etməyə çalışırdı. O, sanki “Fransa Ermənistandadır, Fransa Cənubi Qafqazdadır” mesajını vermək istəyirdi. Diqqətlə izlədikdə görünürdü ki, Makron Avropa Siyasi Birliyinin Zirvə Toplantısı çərçivəsində İrəvanda keçirilən tədbirlərdə və Avropa liderləri ilə birgə görüntülərdə xüsusilə diqqət mərkəzində olmağa çalışırdı. Hətta İrəvanın mərkəzi küçələrində idman etməsi və qaçış görüntüləri də siyasi jest kimi qiymətləndirilə bilərdi. Bununla Fransa bölgədə fəal və təsirli oyunçu obrazı yaratmağa çalışırdı. Lakin düşünürəm ki, bu addımlar o qədər də uğurlu alınmadı. Makron bununla kifayətlənməyərək yeni bir geosiyasi mesaj verməyə çalışdı. O, otuz ildən artıq bağlı qalan Türkiyə–Ermənistan quru sərhədindən keçərək həm Türkiyəyə, həm də regiona simvolik mesaj vermək istəyirdi".

Bu fikirləri Aznews.az-a açıqlamasında “Müasir İnkişaf” İctimai Birliyinin sədri, siyasi şərhçi Mübariz Göyüşlü bildirib.

Qeyd edək ki, Ermənistanda səfərdə olan Emanuel Makron quru sərhəddən Türkiyəyə keçmək istəyib. Lakin Ankara Bakı ilə aparılan məsləhətləşmələrdən sonra buna icazə verməyib. Məlumata görə, səfər əvvəlcə Türkiyənin bəzi nümayəndəlikləri ilə razılaşdırılsa da, məsələyə son qərar səviyyəsində baxıldıqda mövqe dəyişib. Daha sonra Prezident Rəcəb Tayyib Ərdoğan səviyyəsində Azərbaycan tərəfi ilə aparılan müzakirələrdən sonra Makronun quru sərhəddən keçidinə razılıq verilməyib.

Siyasi şərhçi qeyd edib ki, məqsəd Fransanın təsiri altında bölgədə yeni geosiyasi reallıqların formalaşdığı görüntüsünü yaratmaq idi.

"Ancaq nə Türkiyə, nə də Azərbaycan buna müsbət yanaşa bilərdi. Nəticədə bu təşəbbüs də baş tutmadı və Makronun növbəti uğursuz siyasi gedişi kimi qiymətləndirildi. Türkiyə–Ermənistan sərhədinin açılması yalnız Türkiyənin milli maraqları və Azərbaycan–Türkiyə müttəfiqliyinin formalaşdırdığı regional çərçivə daxilində mümkün ola bilər. Bu prosesi Avropadan gələn və anti-Türk, anti-İslam mövqeyi ilə tanınan siyasətçilərin təşəbbüsləri ilə həyata keçirmək mümkün deyil".

Rəfiqə Namazəliyeva,

AzNews.az