​“Tehran artıq klassik təhlükəsizlik sistemini qeyri-effektiv hesab edir” – Aytən Qurbanova

7 May 2026 21:20 (UTC+04:00)

"İranın xarici işlər naziri Abbas Araqçı tərəfindən “Orta Şərqdə yeni təhlükəsizlik strukturu” ideyasının gündəmə gətirilməsi, əslində, regionda formalaşan yeni geosiyasi reallığın nəticəsidir. Xüsusilə Qəzza bölgəsindəki böhran, İran–İsrail qarşıdurmasının açıq mərhələyə keçməsi, ABŞ-nin bölgədəki hərbi mövcudluğu ətrafında yaranan mübahisələr və ərəb dövlətlərinin təhlükəsizlik siyasətində müşahidə olunan dəyişikliklər rəsmi Tehranın yeni regional model axtarışını sürətləndirib. İran anlayır ki, uzun illər davam edən klassik təhlükəsizlik sistemi artıq regionda sabitliyi təmin etmək iqtidarında deyil. O, yeni təhlükəsizlik arxitekturasını həm öz maraqlarını qorumaq, həm də bölgədə təsir balansını dəyişmək üçün vacib hesab edir. Düşünürəm ki, İranın nəzərdə tutduğu modelin əsas fəlsəfəsi bölgə təhlükəsizliyinin regiondankənar güclər olmadan təmin olunması ideyasına əsaslanır. Hadisələrin inkişaf xronikası onu deməyə əsas verir ki, rəsmi Tehran ABŞ və Qərb ölkələrinin hərbi iştirakının Orta Şərqdə təhlükəsizlik mühiti yaratmaq əvəzinə rəqabəti və qarşıdurmanı daha da dərinləşdirdiyini düşünür. Ona görə də İran uzun müddətdir “regional təhlükəsizlik regional ölkələr tərəfindən təmin edilməlidir” tezisini irəli sürür. Yeni struktur ideyası da məhz bu yanaşmanın davamıdır".

Bu fikirləri Aznews.az-a açıqlamasında siyasi şərhçi Aytən Qurbanova deyib.

Qeyd edək ki, İranın xarici işlər naziri Abbas Əraqçi çinli həmkarı Vanq Yi ilə keçirdiyi görüşdə Yaxın Şərqdə yeni təhlükəsizlik arxitekturasının formalaşdırılmasının vacibliyini gündəmə gətirib. Çin Xarici İşlər Nazirliyinin yaydığı məlumata görə, Əraqçi İranın müharibədən sonrakı mərhələdə regional sabitliyi və balanslı inkişafı təmin edə biləcək yeni təhlükəsizlik modelinin yaradılmasını dəstəklədiyini bildirib. Nazir vurğulayıb ki, Tehran regionda davamlı sülh və təhlükəsizlik üçün yeni institusional yanaşmaların formalaşdırılmasını zəruri hesab edir.

Siyasi şərhçi qeyd edib ki, Çin faktorunun vurğulanması təsadüfi deyil.

"Məlum olduğu kimi Çin son illərdə regionda həm iqtisadi, həm də diplomatik təsirini artırır. Belə olan halda İran hesab edir ki, Çin Amerikadan fərqli olaraq bölgəyə ideoloji deyil, iqtisadi və strateji sabitlik prizmasından yanaşır. Məhz bu nöqteyi-nəzərdən yanaşdıqda İran Çini yeni təhlükəsizlik platformasının siyasi təminatçılarından biri kimi görmək istəyir. Amma burada ən mühüm məsələ həmin təhlükəsizlik modelinin hansı mexanizmlər üzərində qurulacağıdır. Çünki Orta Şərqin əsas problemi yalnız hərbi qarşıdurmalar deyil, həm də dərin etimadsızlıq böhranıdır. Ona görə də yeni sistem yalnız siyasi bəyanatlarla deyil, konkret təhlükəsizlik mexanizmləri ilə müşayiət olunmalıdır".

Rəfiqə Namazəliyeva,

AzNews.az