"Trampın həm “irəliləyiş var”, həm də “narazıyıq” kimi bir-birinə zidd ifadələr işlətməsinin müəyyən siyasi səbəbləri var. Burada əsas məqsəd daxili auditoriyaya hesablanmış mesaj verməkdir. Çünki ABŞ-də artıq növbəti seçkilərə hazırlıq mərhələsi başlayıb. Həm Respublikaçılar, həm də demokratlar gələcək namizədlərini və yeni administrasiyanın xarici siyasət kursunun hansı istiqamətdə formalaşacağını müzakirə edirlər. Tramp yaxşı anlayır ki, özü yenidən prezidentliyə namizəd olmasa belə, onun hakimiyyəti dövründə verilmiş qərarlar, xüsusilə də Yaxın Şərqdəki siyasətin yaratdığı gərginlik və nəticələri gələcəkdə ciddi müzakirə mövzusu olacaq. Bu baxımdan, onun üçün ən uyğun ssenari Respublikaçıların hakimiyyətdə qalmasıdır. Çünki belə olduqda həm əvvəlki siyasətin davamlılığı təmin edilə bilər, həm də mümkün tənqidlərin qarşısını almaq daha asan olar".
Bu fikirləri Aznews.az-a açıqlamasında siyasi şərhçi Həşim Səhrablı deyib.
Qeyd edək ki, ABŞ və İsrailin İrana qarşı hücumları aprelin 8-də əldə olunan atəşkəslə dayandırılsa da, Hörmüz boğazında davam edən hərbi aktivlik bölgədə gərginliyin bitmədiyini göstərir. Donald Trampın ziddiyyətli açıqlamaları isə prosesin gələcəyi ilə bağlı sualları artırır. Tramp bir tərəfdən İranla danışıqlarda irəliləyiş olduğunu desə də, digər tərəfdən Tehranın yeni sülh təklifindən narazı qaldığını bildirir. ABŞ-nin Hörmüz boğazına əlavə hərbi qüvvə göndərməsi də vəziyyəti daha da gərginləşdirib. İran isə bölgədə toplanan qüvvələrin təhlükəsizlik deyil, mümkün hücum məqsədi daşıdığını iddia edir.
Siyasi şərhçi bildirib ki, məhz bu səbəbdən Tramp bir tərəfdən İranı danışıqlar prosesini pozmaqda ittiham edir, digər tərəfdən isə müəyyən irəliləyişlərin əldə olunduğunu vurğulayır.
"Əgər diplomatik proses nəticə verərsə, bunu öz siyasətinin uğuru kimi təqdim etməyə çalışacaq və “biz əvvəldən problemi danışıqlar yolu ilə həll etməyə çalışırdıq” mesajını ön plana çıxaracaq. Əgər danışıqlar uğursuzluqla nəticələnsə və bölgədə yenidən hərbi gərginlik artsa, bu halda məsuliyyəti İranın üzərinə yönəltməyə çalışacaq. Yəni Tramp indidən “müharibənin səbəbi ABŞ deyil, İranın mövqeyi oldu” fikrini formalaşdırmağa çalışır. Burada təkcə daxili siyasət amili deyil, beynəlxalq faktorlar da mühüm rol oynayır. Baxmayaraq ki, mövcud beynəlxalq sistem ciddi şəkildə sarsılıb və münaqişələr qlobal nizamı zəiflədib, yenə də dövlətlər beynəlxalq münasibətlərin qaydalarını nəzərə almağa məcburdurlar. Tramp mümkün yeni qarşıdurma halında məsuliyyəti ABŞ-dən uzaqlaşdırmağa çalışır. Bununla həm Vaşinqtona neytral və ya tərəfdaş mövqedə duran dövlətlərin sayını artırmağı, həm də İranın diplomatik dəstəyini minimuma endirməyi hədəfləyir. Eyni zamanda İranı əsas günahkar kimi təqdim etməklə, ona açıq dəstək verən ölkələrin də beynəlxalq arenada təzyiq altında qalmasına zəmin hazırlamağa çalışır. Yəni Trampın bu cür ziddiyyətli bəyanatlarının əsas səbəblərindən biri də məhz budur".
Rəfiqə Namazəliyeva,
AzNews.az