Keçən il müəyyən edilən insan alveri cinayətlərin sayı açıqlanıb.
Aznews.az xəbər verir ki, bu, Milli Məclisin İnsan hüquqları, Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin birgə iclasında müzakirəyə çıxarılan “İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumat”ında qeyd edilib.
Qeyd edilib ki, keçən il insan alveri cinayətlərinin aşkarlanması və təqsirkar şəxslərin məsuliyyətə cəlb olunması sahəsində keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə 198 cinayət müəyyən edilib. Bu, 2024-cü illə müqayisədə 8 cinayət azdır. 2025-ci ildə həmin cinayətlərdən 57-i informasiya texnologiyalarının tətbiqi ilə törədilib.
O cümlədən 2025-ci ildə 152 insan alveri cinayəti müəyyən edilib ki, bu da 2024-cü illə müqayisədə 9 cinayət azdır. Keçən il də insan alveri məqsədilə sənədlərlə qanunsuz hərəkətlərə görə 45 cinayət müəyyən olunub ki, bu da 2024-cü illə müqayisədə 1 cinayət çoxdur.
İnsan alveri cinayətlərinin 97 faizi açılıb, 6 şəxs ətrafında keçirilmiş əməliyyat tədbirləri ilə 2 cinayətkar qrup zərərsizləşdirilib. Həmin hüquqazidd əməllərlə əlaqədar 10 cinayət işi başlanılıb. Bir cinayət işinin istintaqı çərçivəsində 20-dək faktın istintaqı aparılıb. 8 cinayət işi üzrə 10 şəxs (9-u qadın) təqsirləndirilən qismində cəlb olunmuş, 12 nəfər (11-i qadın) məhkəmə məsuliyyətinə verilib.