xəbər verir ki, bu münasibətlə şuranın sədri, Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə mətbuata növbəti dəfə müsahibə verib.
Əvvəlki müsahibələrimdə də qeyd etdiyim kimi, “İctimai iştirakçılıq haqqında” Qanuna uyğun olaraq Ədliyyə Nazirliyində keçirilmiş seçkilər nəticəsində 7 nəfərdən ibarət İctimai şura formalaşdırılıb və 2025-ci il aprelin 28-də fəaliyyətə başlayıb. Ötən müddət ərzində şura üzvləri Ədliyyə Nazirliyinin müvafiq struktur qurumlarında ümumilikdə 146 tədbirdə iştirak ediblər. Bu tədbirlərə komissiya iclasları, monitorinqlər, struktur qurumlarla görüşlər, vətəndaş qəbulları və digər fəaliyyət istiqamətləri daxildir. Bu rəqəm İctimai şuranın Nazirliyin fəaliyyətinə ictimai nəzarətin həyata keçirilməsində fəal iştirak etdiyini göstərir.
Eyni zamanda, şuraya vətəndaşlardan daxil olan müraciətlərə baxılıb və aidiyyəti qurumlar qarşısında məsələlər qaldırılıb.
Qeyd etməliyəm ki, əldə olunan nəticələrdə Ədliyyə Nazirliyinin rəhbərliyi tərəfindən yaradılmış əlverişli şərait və göstərilən dəstəyin mühüm rolu var.
Qısaca deyə bilərsinizmi, bu tədbirlər konkret olaraq hansı istiqamətləri əhatə edib?
Nazirliyin rəhbərliyinin müvafiq əmri ilə şura üzvlərindən biri Nazirlikdə təşkil edilmiş vaxtından əvvəl şərti azad etmə üzrə Komissiyanın və Penitensiar xidmətdə işə qəbul üzrə müsahibə komissiyasının tərkibinə daxil edilib. Bu komissiyalarda həftə ərzində 3 dəfə və bəzən də daha çox sayda iclaslar keçirilir. Bundan başqa, İctimai şura üzvləri mütəmadi olaraq Nazirliyin struktur qurumlarının rəhbərləri ilə görüşlər keçirir. Həmçinin Nazirlik tərəfindən təşkil olunan müxtəlif tədbirlərdə şura üzvləri iştirak edir, cəzaçəkmə müəssisələrində və istintaq təcridxanalarında şuranın tərtib etdiyi iş planına uyğun monitorinqlər həyata keçiririk.
Adını çəkdiyiniz komissiyaların fəaliyyəti barədə daha ətraflı məlumat verərdiniz...
Vaxtından əvvəl şərti azad etmə üzrə komissiya Nazirliyin nəzdində yeni tərkibdə formalaşıb. Komissiyanın tərkibinə Nazirliyin müxtəlif struktur qurumlarının nümayəndələri, eləcə də İctimai şura üzvləri daxil edilib və iclaslar şəffaf şəkildə, açıq səsvermə qaydasında keçirilir. Bu yanaşma məhkumların vaxtından əvvəl şərti azad olunması prosesində obyektivliyin təmin edilməsinə xidmət edir.
Penitensiar xidmətdə işə qəbul üzrə müsahibə komissiyasında isə mütəmadi olaraq xidmətə qəbul olmaq istəyən namizədlərlə müsahibələr keçirilir. Namizədlərin bilik və bacarıqları komissiya tərəfindən şəffaf və obyektiv şəkildə qiymətləndirilir.
Cəzaçəkmə müəssisələrində və istintaq təcridxanalarında keçirilən monitorinqlər hansı sahələri əhatə edir?
Monitorinqlər zamanı saxlanma şəraiti, qidalanma, tibbi xidmətin təşkili, görüş otaqlarının və görüş yerlərinin vəziyyəti, sanitar-gigiyenik normalara riayət olunması, ərzaq təminatı, həmçinin istehsalat sahələrində əmək şəraiti kimi məsələlərə baxılır. Eyni zamanda, məhkumlarla konfidensial qaydada görüşlər keçirilir və onların müraciətləri dinlənilir.
Son günlərdə Ədliyyə Nazirliyi məhkumlarla görüşlərin onlayn qeydiyyatı sistemini istifadəyə verib. Bu barədə nə deyə bilərsiniz?
Bəli, Ədliyyə Nazirliyində həyata keçirilən islahatlar çərçivəsində “Məhkumlarla görüşlərin onlayn qeydiyyatı” adlı yeni bir xidmət istifadəyə verilib. Bu platforma vətəndaşların penitensiar müəssisələrlə əlaqəsini daha operativ və şəffaf şəkildə qurmağa imkan verir. Artıq vətəndaşlar görüş üçün müraciətlərini onlayn qaydada edə, vaxtı və görüş növünü seçə, həmçinin müraciətin icra vəziyyətini real vaxt rejimində izləyə bilirlər. Bu yenilik ənənəvi müraciət prosedurlarını sadələşdirməklə yanaşı, vətəndaş məmnunluğunun artırılmasına xidmət edir və ümumilikdə penitensiar sahədə aparılan rəqəmsallaşma islahatlarının tərkib hissəsidir. Hazırda pilot mərhələdə olan bu layihənin mərhələli şəkildə ölkə üzrə geniş tətbiqi nəzərdə tutulur.
Bəzən icra proseslərinin uzanması və qərarların icrasında çətinliklər müzakirə olunur. Bu ildən etibarən xüsusi icra məmurlarının fəaliyyətə başlaması gözlənilir. Bu baxımdan xüsusi icra məmuru institutunun tətbiqi vəziyyəti necə dəyişə bilər?
Bəli, bu, ədliyyə sahəsində həyata keçirilən mühüm yeniliklərdən biridir. Xüsusi icra məmuru institutu icra xidmətinin fəaliyyətində çevikliyin və səmərəliliyin artırılmasına xidmət edir. Artıq bu vəzifəyə qəbul prosesi başlayıb və namizədlər müvafiq müsabiqə mərhələlərindən keçirlər. Qanunvericiliyə ötən il edilmiş müvafiq dəyişikliklər hüquq təhsili ilə yanaşı digər ixtisaslara malik şəxslərin də icra məmuru kimi fəaliyyət göstərməsinə imkan yaradır. Məqsəd icra prosesində operativliyin artırılması, vətəndaş məmnunluğunun təmin edilməsi və icra sistemində alternativ mexanizmlərin formalaşdırılmasıdır. İctimai şura olaraq biz də bu prosesi diqqətdə saxlayırıq, icra sahəsində alternativliyin təmin olunmasını və vətəndaş məmnunluğunun yüksəldilməsinə yönəlmiş bu təşəbbüsü müsbət qiymətləndiririk.
Müzakirə olunan məsələlərdən biri də özəl məhkəmə ekspertizası institutunun yaradılmasıdır. Bu təşəbbüsün əsas məqsədi nədir?
Özəl məhkəmə ekspertizası institutunun yaradılması məhkəmə ekspertizası sahəsində rəqabət mühitinin formalaşdırılmasına və ekspertiza işinin keyfiyyətinin yüksəldilməsinə yönəlmiş mühüm addımdır. Bu institutun tətbiqi nəticəsində ekspertiza xidmətlərinin əlçatanlığı artacaq, işlərin baxılma müddətləri qısalacaq və alternativ ekspert rəyindən istifadə imkanları genişlənəcək. Eyni zamanda, bu yanaşma beynəlxalq təcrübəyə uyğun olaraq ekspertiza fəaliyyətində müstəqilliyin və obyektivliyin daha da gücləndirilməsinə xidmət edir. Əsas məqsəd məhkəmə araşdırmalarında daha çevik, şəffaf və keyfiyyətli ekspert təminatını formalaşdırmaqdır.
İctimai şuranın fəaliyyəti ilə bağlı ictimaiyyətin məlumatlandırılması və digər qurumlarla əməkdaşlıq istiqamətində hansı addımlar atılıb?
Şuranın fəaliyyəti barədə ictimaiyyətin mütəmadi məlumatlandırılması diqqətdə saxlanılır, media ilə əməkdaşlıq həyata keçirilir. Bununla yanaşı, vətəndaş cəmiyyəti institutları ilə əlaqələr qurulur, təcrübə mübadiləsi aparılır və ictimai iştirakçılığın genişləndirilməsi istiqamətində addımlar atılır.
Sonda nə demək istərdiniz?
Növbəti il üçün də şuranın qarşısında duran vəzifələr və planlarımızla bağlı hədəfləri müəyyən etmişik. Məqsədimiz Nazirliyin fəaliyyət istiqamətləri üzrə ictimai iştirakçılığın və ictimai nəzarətin daha da gücləndirilməsi, eləcə də Nazirliyin vətəndaş məmnunluğunun artırılması üzrə həyata keçirdiyi işlərə dəstək göstərilməsidir. Bu istiqamətdə fəaliyyətimizi ardıcıl şəkildə davam etdirəcəyik.
Şuraya göstərilən dəstəyə və etimada görə Ədliyyə Nazirliyinin rəhbərliyinə təşəkkürümüzü bildiririk.
İnanıram ki, qarşıdakı dövrdə fəaliyyətimiz daha da genişlənəcək və ictimaiyyət üçün faydalı nəticələr verəcəkdir.