Rusiya Xarici İşlər Nazirliyi bu həftə Volodimir Zelenskinin İrəvana səfəri ilə bağlı Ermənistan tərəfinə etirazını bildirib.
Bu barədə Rusiya XİN-in bəyanatında deyilir. Məlumata görə, etirazı çatdırmaq üçün Ermənistanın Rusiyadakı səfiri nazirliyə çağırılıb və Rusiya xarici işlər nazirinin müavini ilə görüş keçirib.
Bəyanatda qeyd olunub ki, Avropa İttifaqının himayəsi altında keçirilən son tədbirlər çərçivəsində Ermənistanda Zelenskiyə “tribuna verilməsi” Rusiya tərəfi üçün “qətiyyən qəbuledilməzdir”.
“Diplomatik missiyanın rəhbərinə bildirildi ki, Kiyev nasist rejiminin başçısı V.Zelenskiyə Rusiyaya qarşı terror təhdidləri səsləndirmək üçün tribunadan istifadə imkanı yaradılması qətiyyən qəbul edilə bilməz”, — deyə bəyanatda vurğulanıb.
Moskva bununla bağlı “ədalətli hiddət” hiss etdiyini bildirib. Rusiya tərəfi, həmçinin, rəsmi İrəvanın Zelenskinin açıqlamalarına mənfi münasibət bildirməməsindən narazı qaldığını qeyd edib.
“Ermənistan səfiri Rusiya tərəfinin iradını İrəvana çatdıracağına söz verdi”, — deyə Rusiya XİN əlavə edib.
Qeyd edək ki, Volodimir Zelenski Nikol Paşinyan ilə Avropa Siyasi Birliyi Sammiti çərçivəsində görüş keçirib.
Sammit zamanı Zelenski Ukraynanın Ermənistan, Gürcüstan və Slovakiya ilə münasibətlərində bir sıra istiqamətlər üzrə irəliləyiş əldə olunduğunu bildirib.
Mövsüm,
AzNews.az