"Bu halda İranın taktiki nəfəs imkanı əldə etməsi ehtimalı arta bilər" - Rəşad Bayramov

8 May 2026 19:29 (UTC+04:00)

"ABŞ–Çin münasibətlərində mümkün yumşalma təbii olaraq qlobal geosiyasi mühitdə mühüm dəyişiklik siqnalı ola bilər. Lakin bunun İranın beynəlxalq təcrid siyasətinə təsiri birbaşa deyil, daha çox dolayı mexanizmlərlə özünü göstərə bilər. Çünki məlumdur ki, İran məsələsi ABŞ və Çin münasibətlərinin mərkəzində dayanan əsas mövzu deyil. Buna baxmayaraq, ABŞ və Çin kimi böyük güclər arasındakı ümumi rəqabət və əməkdaşlıq balansı Tehranın manevr imkanlarını genişləndirə və ya məhdudlaşdıra bilər. Əgər Vaşinqton və Pekin arasında gərginlik azalarsa, bu, qlobal sistemdə nisbi sabitlik və iqtisadi əməkdaşlığın artması anlamına gələ bilər. Belə olan halda Çin özünün iqtisadi və enerji təhlükəsizliyi maraqlarını daha rahat şəkildə müxtəlif regionlarla, o cümlədən Yaxın Şərqlə balanslaşdırmağa çalışacaq. İran burada Çinin mühüm enerji tərəfdaşı və “Bir kəmər, bir yol” kimi layihələrin əsas tranzit nöqtələrindən biri kimi çıxış edir. ABŞ–Çin münasibətlərinin yumşalması Pekinə İranla münasibətlərdə daha az riskli xətt yürütmək imkanı verə bilər. Bu isə İranın tam təcrid olunmasının qarşısını alan bir amortizator rolunu oynaya bilər".

Bu fikirləri Aznews.az-a açıqlamasında siyasi şərhçi Rəşad Bayramov deyib.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp gələn həftə Çinə səfər edəcəyini təsdiqləyib. Səfər çərçivəsində onun Çin Prezidenti Si Cinpinlə görüşü nəzərdə tutulur. Tramp görüşün uğurlu keçəcəyinə ümid etdiyini bildirib. Ekspertlərin fikrincə, danışıqlarda tərəflər arasında iqtisadi münasibətlərlə yanaşı, regional təhlükəsizlik və İran məsələsi də müzakirə oluna bilər.

Siyasi şərhçi bildirib ki, burada əsas məqamlardan biri ABŞ və Çin arasında mümkün yaxınlaşmanın sanksiyaların avtomatik şəkildə yumşalacağı və ya İranın beynəlxalq təcridinin aradan qalxacağı anlamına gəlməməsidir.

"Çünki ABŞ-nin İran siyasəti təkcə Çinlə münasibətlərdən asılı deyil. Bu siyasət eyni zamanda Yaxın Şərqdə təhlükəsizlik arxitekturası, İsrail amili, Körfəz ölkələri ilə münasibətlər və İranın nüvə proqramı kimi çoxsaylı faktorlarla müəyyən olunur. Bütün bunlara baxmayaraq, düşünürəm ki, Donald Trampın Çin səfərində İran məsələsi də ayrıca müzakirə mövzularından biri olacaq. Çünki bu, həm ABŞ, həm də Çin üçün əhəmiyyətlidir. Məlumdur ki, Vaşinqtonun əsas məqsədi tətbiq olunan dəniz blokadası fonunda İranı maksimum güzəştlərə məcbur etməkdir. Bu blokada isə təkcə İran üçün ağır nəticələr doğurmur, eyni zamanda Çin üçün də ciddi problemlər yaradır. İran neftinin əsas alıcısının və ümumilikdə Hörmüz boğazı vasitəsilə daşınan enerji məhsullarının böyük hissəsinin alıcısının məhz Çin olduğunu nəzərə alsaq, ABŞ tərəfindən İrana qarşı tətbiq olunan dəniz blokadasının faktiki olaraq Çinə qarşı yönəldiyini də söyləmək mümkündür. Yəni necə ki, 40 günlük müharibə dövründə İran Hörmüz boğazını bağlamaqla Körfəz ölkələrinin, eləcə də dünya bazarında neft qiymətlərinin artmasından əziyyət çəkən Avropa İttifaqı ölkələrinin ABŞ-a təzyiq göstərməsinə nail olmağa çalışırdısa, indi də ABŞ dəniz blokadası vasitəsilə Çinin İrana təzyiq etməsinə nail olmaq istəyir. Odur ki, Donald Trampın Pekinə səfəri zamanı blokadanın yumşaldılması fonunda İran üçün iqtisadi nəfəs xətti rolunu oynayan Çinin Tehrana güzəştlər üçün təsir imkanları da müzakirə ediləcək məsələlər sırasında ola bilər. Ümumilikdə isə ABŞ və Çin arasında razılaşma və münasibətlərdə mümkün yumşalma baş verərsə, Tehranın müəyyən güzəştləri fonunda İranın taktiki nəfəs imkanı əldə etməsi ehtimalı arta bilər".

Rəfiqə Namazəliyeva,

AzNews.az