"Məktəbdə öyrədilənlə imtahanda tələb olunan bir-birinə uyğun gəlmir" - Sona Əliyeva

8 May 2026 19:36 (UTC+04:00)

"Həqiqətən də, son illər DİM tərəfindən keçirilən imtahanların forması dəyişib, amma məktəblərdəki tədrisin məntiqi tam dəyişməyib. Bu gün DİM artıq şagirddən əzbərlədiyini tapmağı deyil, düşündüyünü tətbiq etməyi tələb edir. Sualların strukturu da bunu göstərir. Məntiq, analiz, situasiya üzərindən düşünmə və oxuduğunu anlama bacarıqları ön plana çıxır. Doğrudan da, məktəblərin və repetitor sisteminin böyük hissəsi hələ də uşağı “doğru cavabı tapmağa”, test əzbərçiliyinə hazırlayır, düşünməyi isə kifayət qədər təşviq etmir. İllərlə həm valideynlərdə, həm də məktəblərdə belə bir düşüncə formalaşıb ki, buraxılış imtahanına əsas hazırlıq 10–11-ci sinifdə başlayır. Halbuki indiki imtahan modeli 7–8-ci sinifdən formalaşır. Belə olan halda baza bilikləri yoxdursa, sonradan nə qədər test işlənilsə də nəticəni yüksəltmək çətin olur. Heç kimə sirr deyil ki, bir çox müəllim hələ də köhnə test məntiqindən çıxa bilmir. Yeni model sualları dərindən analiz etməkdə çətinlik çəkir, ən asan üsula üstünlük verir, uşağa məntiq qurmağı deyil, hazır sxemləri öyrədir".

Bu fikirləri Aznews.az-a açıqlamasında əməkdar müəllim Sona Əliyeva deyib.

Qeyd edək ki, Məleykə Abbaszadə bildirib ki, buraxılış imtahanlarının məzmunu əsasən 7–10-cu siniflərdə keçilən mövzular üzərində qurulub, 11-ci sinif materialları isə yalnız az sayda sualda yer alır. O əlavə edib ki, imtahanların yeni formatı əvvəlcədən ictimaiyyətə təqdim olunsa da, bir sıra müəllimlər bu dəyişiklikləri nəzərə almadan şagirdləri hələ də ənənəvi, köhnə hazırlıq üsulları ilə imtahana hazırlamaqda davam edirlər.

S. Əliyeva qeyd edib ki, bütün məsuliyyəti yalnız müəllimin üzərinə qoymaq düzgün yanaşma deyil.

"Müəllimin həddindən artıq çox öhdəliyi var və onlar bu yükün içərisində itib-batırlar. Belə mühitdə müəllimdən də çox şey gözləmək olmur. O da illərlə təcrübə etdiyi əzbər şablon bilik və bacarıqları öyrətməyə davam edir. Nəticədə isə məktəbdə öyrədilənlə imtahanda tələb olunan bir-birinə uyğun gəlmir. Şagird məktəbdə çox vaxt fakt öyrənir, imtahanda isə analiz etməlidir. Məktəblə imtahan sistemi arasında yaranan bu boşluğu da repetitor bazarı doldurmağa çalışır. Buna görə artıq “kölgə təhsili” formalaşıb: məktəb və alternativ olaraq repetitor hazırlığı. Valideyn də nəticəni məktəbdən yox, hazırlıqdan gözləyir. Bu isə məktəbin nüfuzuna ciddi zərbə vurur. Məncə, problemin kökündə iki əsas məsələ dayanır. Birincisi, müəllimlərin bir hissəsi yeniliyə uyğunlaşmaqda çətinlik çəkir. Bu da müəyyən mənada başa düşüləndir. Çünki illərlə eyni sistemlə işləyən müəllimdən birdən-birə tam fərqli düşüncə modeli tələb olunur. İkincisi isə odur ki, sistem müəllimdən dəyişməyi tələb edir, amma bunun üçün ona kifayət qədər şərait yaratmır. Müəllimdən tələb olunan nədir? Şagirdlərdə analitik düşüncə formalaşdırmaq, onlara fərdi yanaşmaq, məntiq və dil bacarıqları aşılamaq və s. Amma məktəblərdə siniflər doludur, şagird sıxlığı yüksəkdir, proqram ağırdır, metodiki dəstək isə zəifdir. Qısası, müəllimin nəfəs almağa belə vaxtı yoxdur. Belə vəziyyətdə müəllim özü üçün ən əlverişli üsula — əzbərçiliyə üstünlük verir. Beləliklə, əslində problem illərlə təhsil sisteminin nəticədən çox formal göstəricilərə işləməsindədir. Əgər doğrudan da dəyişiklik istəyiriksə, onda aşağı siniflərdən başlayaraq bir çox yeniliklər edilməlidir. Həmçinin oxu və anlama bacarıqlarının inkişafı üçün müvafiq addımlar atılmalı, məntiqi düşüncə üzərində işlənməli, müəllimə real metodiki dəstək verilməli, proqram yüngülləşdirilməli, məktəblə imtahan sistemi bir-birinə uyğunlaşdırılmalıdır".

Rəfiqə Namazəliyeva,

AzNews.az