“ABŞ və İsrail onun olduğu yeri ardıcıl vururdu”

9 May 2026 11:03 (UTC+04:00)

İranın ali dini lideri Müctəba Xamaneyinin ofisinin protokol rəhbəri Məzahir Hüseyni ABŞ və İsrailin fevralın 28-də həyata keçirdiyi iddia olunan hücum zamanı baş verənlər və Xamaneyinin səhhəti barədə açıqlama verib.

Xalq görüşlərindən birində çıxış edən Hüseyni hücum zamanı özü də ofisdə olduğunu bildirərək hadisənin detallarını açıqlayıb.

“Bombardman zamanı ofisdə idik. Təxminən 30 metr irəlidə general Şirazi və dostlarının olduğu yer vuruldu. Təxminən 70-80 metr yaxınlığımızda isə Əli Xamaneyinin olduğu ərazi hədəf alındı. Raket və hava hücumları zamanı içəridə bir neçə nəfər idik. Əli Xamaneyi, Müctəba Xamaneyi adətən dərs keçdiyi yerdə idi, amma həmin gün orada deyildilər. Həmin yeri tamamilə yerlə-yeksan etdilər. Onun olduğu məkanı mütəmadi vururdular”, — deyə Hüseyni bildirib.

Hüseyni hücumun təsirindən Müctəba Xamaneyinin yerə yıxıldığını deyərək əlavə edib:

“Belində və ayağında yüngül xəsarətlər yarandı, lakin qısa müddətdə özünə gəldi. Hazırda səhhəti yaxşıdır və tam sağalmaqdadır. Alnından yaralandığı ilə bağlı iddiaların hamısı əsassızdır. Yalnız qulağının arxa hissəsində kiçik yara yaranıb. Bundan başqa deyilən kimi ağır yaralanma olmayıb.”

O, Xamaneyinin ictimaiyyətdən gizlədilməsi ilə bağlı iddialara da münasibət bildirib:

“Düşmən müxtəlif şayiələr və bəhanələrlə onun görüntüsünü və ya səsini əldə edib fərqli məqsədlər üçün istifadə etməyə çalışır. Buna görə də hazırda tələsmirlər. Vaxtı gələndə özü birbaşa xalqa müraciət edəcək. Sağlamlığı, iradəsi və xalqa rəhbərlik etmək gücü tam yerindədir”.

Mövsüm,

AzNews.az