İslam İnkişaf Bankı (IsDB) Azərbaycanda yeni layihələrin həyata keçiriləcəyinə ümid edir.
Aznews.az xəbər verir ki, bunu Bakıda jurnalistlərə açıqlamasında IsDB Qrupunun sədri Məhəmməd Süleyman Əl-Casir Azərbaycanın azad edilmiş ərazilərinə səfərinin yekunlarına dair bildirib.
“Mənim üçün Azərbaycanın azad edilmiş ərazilərinə səfər etmək böyük şərəf və imtiyaz idi. Füzuli, Xankəndi və Şuşada oldum. Həqiqətən çox gözəl məkanlardır. Mən iki il əvvəl də burada olmuşdum, lakin bu gün bölgə tamamilə fərqli görünür. İnkişafın miqyasını, infrastrukturun bərpasını, eləcə də məscidlər daxil olmaqla mühüm tarixi və dini abidələrin yenidən qurulmasını görmək həqiqətən çox təsirli idi”, - deyə o bildirib.
Onun sözlərinə görə, Şuşada inşa olunan yeni məscid əsl görməli məkan olacaq.
“Mən bütün bu dəyişiklikləri görməkdən çox məmnun oldum. Biz həmçinin universitetə və sənaye zonasına da baş çəkdik. Mənə və komandama həyata keçirilən layihələr və bölgənin perspektivləri ilə bağlı çox əhatəli və təsirli məlumatlar təqdim olundu. Mən Ciddəyə bu səfərlə bağlı çox gözəl xatirələrlə geri dönürəm”,- deyə İslam İnkişaf Bankı Qrupunun sədri qeyd edib.
O bildirib ki, IsDB nümayəndə heyəti sənaye zonasında fəaliyyət göstərən biznes nümayəndələri ilə də görüşüb.
“Onlar ölkənin inkişaf və böyümə potensialı barədə böyük həvəslə danışırdılar. Biz elə onun üçün buradayıq - burdayıq ki, İslam İnkişaf Bankının Azərbaycana dəstəyə sadiqliyini bir daha təsdiqləyək. Biz ölkədə yeni layihələrin həyata keçiriləcəyinə ümid edirik”,- deyə sədr vurğulayıb.
Əl-Casir Azərbaycanın böyük potensiala malik ölkə olduğunu vurğulayıb.
“Bu, sürətli inkişafı təmin edən rəhbərliyə sahib bir ölkədir. Burada yaxşı təhsil almış və öz ölkəsinə, onun gələcəyinə səmimi şəkildə bağlı olan iddialı gənclər yaşayır. Mən Azərbaycana, onun Prezidentinə, xalqına və hökumətinə ən xoş arzularımı çatdırıram”,- deyə o yekunlaşdırıb.