"Apple" və "Intel" şirkətləri iPhone üçün bəzi çiplərin istehsalı ilə bağlı ilkin razılığa gəliblər.
Aznews.az xəbər verir ki, bu barədə xarici media məlumat yayıb.
Bildirilib ki, şirkətlər bir ildən çoxdur ki, intensiv müzakirələr aparır və son aylarda rəsmi razılaşma əldə edilib.
Bu xəbərdən sonra "Intel" səhmləri 15%, "Apple" səhmləri isə təxminən 1,7% bahalaşıb.
ABŞ hakimiyyəti danışıqlarda əsas rol oynayıb . Donald Tramp administrasiyası yerli yarımkeçirici istehsalını genişləndirməkdə və Amerika mikroelektronika sənayesini gücləndirməkdə maraqlıdır. Administrasiyanın sözçüsü bildirib ki, hökumət ümumiyyətlə ABŞ-ın ən böyük çip istehsalçılarından biri kimi "Intel"i dəstəkləməyə sadiqdir.
"Intel"in "Apple" üçün istehsal edəcəyi dəqiq komponentlər hələlik açıqlanmayıb. Hər iki şirkət şərh verməkdən imtina edib.