Dövlət Təhlükəsizliyi Xidmətində Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103 illiyi qeyd olunub.
Aznews.az xəbər verir ki, müasir dövlətçiliyimizin banisi, Azərbaycan təhlükəsizlik orqanlarının fəxri rəhbəri Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə Xidmət rəisi general-polkovnik Əli Nağıyev və Xidmətin şəxsi heyəti Fəxri xiyabanda xatirəsini anıblar. Görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın da məzarı ziyarət olunub.
Tədbirdə məruzə ilə çıxış edən DTX-nin rəisi general-polkovnik Əli Nağıyev dahi rəhbərin təhlükəsizlik orqanlarındakı 25 illik zəngin fəaliyyət dövrünə nəzər salıb, bu mühüm təsisatın milliləşdirilməsi və azərbaycançılıq ideologiyası ruhunda yenidən qurulmasının məhz uzaqgörən siyasətçi Heydər Əliyevin sarsılmaz iradəsinin nəticəsi olduğunu bildirib.
Ulu Öndərin siyasi xəttini böyük məharətlə davam etdirən Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin bütün sahələrdə tarixi nailiyyətlərə imza atdığını vurğulayan Xidmət rəisi dövlət başçısının xüsusi diqqət və qayğısı sayəsində təhlükəsizlik orqanlarının keyfiyyətcə yeni inkişaf mərhələsinə qədəm qoyduğunu açıqlayıb.
General-polkovnik Əli Nağıyev bundan sonra da dövlətçiliyin qorunması və milli təhlükəsizliyin təmini istiqamətində üzərlərinə düşən vəzifələri yüksək məsuliyyətlə yerinə yetirəcəklərini qeyd edib.
Tədbir xidmətdə fərqləndiklərinə görə yüksək dövlət mükafatlarına layiq görülmüş DTX əməkdaşlarının təltif edilməsi ilə başa çatıb.