Akif Muradverdiyevin səhhəti pisləşib

23 Sentyabr 2013 15:59 (UTC+04:00)
Prezidentin sabiq işlər müdiri, qaçaqmalçılıq ittihamı ilə tutulmuş Akif Muradverdiyevin səhhəti pisləşib.


Vəkil Mətləb Qasımovun "Media forum"a verdiyi məlumata görə, Muradverdiyevi bel və boyun nahiyəsindəki yırtıqlar incidir: "Akif müəllim çətinliklə oturub-durur. Mədəaltı vəzində ağrılar vardı, indi isə fəqərə yırtıqlarında kəskin ağrılar başlayıb".

Mətləb Qasımov deyib ki, bununla bağlı nə Muradverdiyevin MTN-in istintaq təcridxanasındakı müalicə xidməti rəhbərliyinə yazdığı müraciətə, nə də özünün müstəntiqə təqdim etdiyi vəsatətə cavab verilib: "Ərizədə Akif Muradverdiyevin bir neçə başqa xəstəlikdən də əziyyət çəkdiyi göstərilib və xahiş edilib ki, o, təcridxananın tibbi bölməsinə köçürülsün".

Vəkil bildirib ki, Akif Muradverdiyevin tibbi bölməsinə köçürülməsi üçün yenidən ərizə ilə təcridxana rəhbərliyinə müraciət edəcək.

Akif Muradverdiyev iyunun 20-də tutulub.

AzNews.az