"Ulu Öndər Heydər Əliyevin Azərbaycan tarixində rolu danılmazdır. Onun fəaliyyəti nəticəsində Azərbaycan ağır günlərdə öz müstəqilliyini qoruya bilmişdir. Bildiyiniz kimi, yaşlı nəsil o illəri yaxşı xatırlayır - 1993-cü ildə nəinki ərazi bütövlüyümüz, müstəqilliyimiz təhlükə altında idi. O vaxt ölkəmizə rəhbərlik etmiş şəxslər ölkəmizi fəlakətə aparırdılar. Həm torpaqlarımızın işğal altına düşməsi, Şuşanın, Laçının, Kəlbəcərin erməni işğalına məruz qalması, daxili çəkişmələr, özbaşınalıq, anarxiya və ovaxtkı hakimiyyətin təxribatçı və xəyanətkar fəaliyyəti nəticəsində vətəndaş müharibəsinin başlanması – gənc müstəqil dövlətimiz olan Azərbaycan faktiki olaraq parçalanma ərəfəsində idi".
Bu barədə Azərbaycan prezidenti İlham Əliyev bu gün Zəngilan şəhərindəki ilk yaşayış kompleksinə köçən ailələrlə görüşü zamanı danışıb. O, deyob:
"O vaxt əgər Heydər Əliyev xalqın tələbi ilə hakimiyyətə gəlməsəydi, xalqımızın, dövlətimizin taleyi çox ağır ola bilərdi. Məhz onun fəaliyyəti nəticəsində bütün mənfi meyillərə son qoyuldu, vətəndaş müharibəsinə son qoyuldu, hakimiyyətsizlik, özbaşınalıq kimi hallara son qoyuldu, ölkəmizdə sabitlik yaradıldı, inkişaf başlandı və yavaş-yavaş ordu quruculuğu da artıq getməyə başladı. Onun Azərbaycana gəlməsindən əvvəl faktiki olaraq nizami ordumuz yox idi və Birinci Qarabağ müharibəsindəki məğlubiyyətimiz məhz buna görə idi. O vaxt ordumuza rəhbərlik edən şəxslər nəinki hərbi peşə nədir, onu bilmirdilər, hətta onların xəyanətkar fəaliyyəti nəticəsində torpaqlarımız işğal altına düşmüşdü. “Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən o namərd, xain bu gün də orada-burada sülənir. Amma o vaxt dərdimiz onda idi ki, onun kimi adamlar Azərbaycanın əsas vəzifələrini zəbt etmişdilər. Heç bir biliyi, bacarığı, iş təcrübəsi olmayan, küçədən keçən insanlar birinci, ikinci, üçüncü, dördüncü şəxs təyin olunmuşdular. Ordumuz faktiki olaraq quldurların əlində idi".
AzNews.az