​“Kreml Ukraynanı faktiki olaraq təslimçi sülhə razı salmağa çalışır” – Elçin Xalidbəyli

11 May 2026 16:15 (UTC+04:00)

"Bütün müşahidələr göstərir ki, Rusiyanın Ukrayna müharibəsi ilə bağlı mövqeyi ciddi şəkildə dəyişməyib. Moskva hələ də hesab edir ki, Ukraynanı tam şəkildə öz təsir dairəsinə qaytara və ya ən azı ölkə ərazisinin mühüm hissəsini nəzarəti altına ala bilər. Buna görə də Kreml mövqeyində geri addım atmır və məsələyə imperial yanaşma çərçivəsində baxmağa davam edir. Prezident Zelenski ilə yekun nəticə üçün görüş barədə səsləndirilən fikirlər də bunu göstərir. Vladimir Putin yalnız konkret sənədin imzalanması məqsədilə görüşə hazır olduğunu vurğulayır. Bu isə Kremlin Ukraynanın faktiki olaraq təslimçi sülhə razılıq verəcəyini gözlədiyini göstərir. Başqa sözlə, Moskvanın əsas məqsədi Kiyevi öz şərtlərini qəbul etməyə məcbur etməkdir. Çünki Rusiya tərəfi indiyədək irəli sürdüyü şərtlərdə heç bir dəyişiklik etməyib. Vaxtilə Alyaskada ABŞ Prezidenti Donald Tramp ilə əldə olunduğu iddia edilən gizli razılaşmalarda hansı müddəalar müzakirə olunmuşdusa, Kreml indi də məhz həmin şərtlərin Ukrayna tərəfindən qəbul edilməsinə çalışır. Halbuki Moskva nəzərə almalıdır ki, həmin razılaşmalar Ukrayna ilə deyil, ABŞ ilə aparılmış mümkün müzakirələrin nəticəsi kimi təqdim olunur".

Bu fikirləri Aznews.az-a açıqlamasında siyasi şərhçi Elçin Xalidbəyli deyib.

Qeyd edək ki, Rusiya-Ukrayna müharibəsi davam etdiyi bir vaxtda Kremlin verdiyi siyasi mesajlar diqqət çəkməyə davam edir. Rusiya Prezidenti Vladimir Putin Ukrayna Prezidenti Volodimir Zelenski ilə mümkün görüşə münasibət bildirərkən qeyd edib ki, belə təmas yalnız formal xarakter daşımamalı, konkret nəticə ilə yekunlaşmalıdır. Bu açıqlama Moskvanın artıq uzunmüddətli danışıqlardan deyil, öz şərtlərinə uyğun yekun razılaşmadan danışdığını göstərir. Siyasi müşahidəçilərin fikrincə, Kremlin bu mesajı təkcə Kiyevə deyil, eyni zamanda Qərb ölkələrinə ünvanlanmış ciddi siyasi siqnal kimi qiymətləndirilir.

Siyasi şərhçi bildirib ki, bu yanaşma Rusiyanın Ukrayna məsələsini birbaşa Kiyevlə deyil, əsasən Vaşinqton üzərindən həll etməyə çalışdığını göstərir.

"Belə yanaşma Kremlin real sülh niyyətinin olmadığını ortaya qoyur. Rusiya yalnız öz şərtlərini diktə edir və Ukraynanı kapitulyasiya aktına imza atmağa məcbur etmək üçün siyasi, hərbi və iqtisadi təzyiq imkanlarından istifadə etməyə çalışır. Digər tərəfdən, Rusiya üçün yeni risklər də yaranmaqdadır. Hazırda ABŞ administrasiyasının diqqəti Yaxın Şərqdəki hərbi-siyasi böhrana yönəlib və bu səbəbdən Vaşinqtonun Ukrayna məsələsində əvvəlki fəallığı zəifləyib. ABŞ Ukraynaya əvvəlki səviyyədə siyasi və hərbi dəstək göstərməkdə çətinlik çəkir. Bununla yanaşı, ABŞ ilə Avropa arasında münasibətlərdə yaranan gərginlik də proseslərə təsir göstərir. Vaşinqtonun Avropa üzərində əvvəlki qədər təsir imkanlarının zəiflədiyi barədə fikirlər səslənir. ABŞ hazırda daha çox öz daxili və xarici problemlərini həll etməyə fokuslanıb. Lakin buna baxmayaraq, əgər Avropa ölkələri Ukraynaya dəstəyi davam etdirərsə, uzunmüddətli perspektivdə Rusiyanın iqtisadi problemləri daha da dərinləşə bilər. Bu isə növbəti mərhələdə ölkə daxilində sosial narazılığın artmasına, siyasi təlatümlərin və kütləvi etirazların yaranmasına səbəb ola bilər. Son məlumatlar da göstərir ki, Putin hakimiyyətinin daxildəki nüfuzu və təsir imkanları əvvəlki dövrlərlə müqayisədə zəifləməyə başlayıb".

Rəfiqə Namazəliyeva,

AzNews.az