"Hazırkı mərhələdə nə SEPAH, nə də İran hakimiyyəti ABŞ-la sərt və açıq qarşıdurma dilində danışacaq gücə malikdir. SEPAH İran siyasi sistemində əsas güc mərkəzlərindən biri hesab olunsa da, bu, onun qlobal miqyasda ABŞ-la birbaşa qarşıdurmaya gedə biləcəyi anlamına gəlmir. Hazırkı müharibə ilə bağlı müxtəlif fikirlər səsləndirilir. Bəziləri ABŞ-nin qalib gəldiyini, digərləri isə İranın üstünlük əldə etdiyini iddia edir. Mənim fikrimcə isə bu qarşıdurmanın açıq və mütləq qalibi yoxdur. Hər iki tərəfin üstün və zəif tərəflərini göstərən arqumentlər mövcuddur".
Bu fikirləri Aznews.az-a açıqlamasında siyasi şərhçi Kənan Novruzov deyib.

Qeyd edək ki, İranın İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Dəniz Qüvvələri neft və ticarət gəmilərinə mümkün hücumlarla bağlı sərt xəbərdarlıq edib. Qurumun mətbuat xidməti bildirib ki, İranın gəmilərinə qarşı hər hansı hücum ABŞ-nin regiondakı obyektlərinə və gəmilərinə güclü cavabla nəticələnəcək. "Tasnim” agentliyinin məlumatına görə, SEPAH-ın Aerokosmik Qüvvələrinin komandanı general Seyid Məcid Musəvi İran hərbçilərinin tam döyüş hazırlığında olduğunu deyib. Onun sözlərinə görə, raketlər və pilotsuz uçuş aparatları hazır vəziyyətdədir və yalnız əmrin verilməsi gözlənilir. Eyni zamanda İran ordusunun adı açıqlanmayan nümayəndəsi Hörmüz boğazının blokadası ilə bağlı iddiaları təkzib edib və bunu dezinformasiya kampaniyasının tərkib hissəsi adlandırıb.
Siyasi şərhçi qeyd edib ki, SEPAH tərəfindən səsləndirilən sərt bəyanatlar və təhdid xarakterli açıqlamalar əsasən daxili auditoriyaya hesablanıb və ictimai rəyə təsir etməyə yönəlib.
"Hazırda SEPAH üçün ölkə daxilində ictimai dəstəyi artırmaq baxımından əlverişli şərait yaranıb. Quruma yaxın qüvvələr milli təhlükəsizlik və xarici təhdid amilindən istifadə edərək cəmiyyətin rəğbətini qazanmağa çalışırlar. Mənim qənaətimə görə, SEPAH-ın əsas məqsədlərindən biri də daxildə siyasi təsir imkanlarını genişləndirməkdir. Əgər bu istiqamətdə uğur qazanarsa, gələcəkdə Prezident Məsud Pezeşkian hakimiyyətinə qarşı daha ciddi siyasi təzyiq formalaşa bilər. Hətta müəyyən şərtlər daxilində Pezeşkianın hakimiyyətdən uzaqlaşdırılması ssenarisi də istisna olunmur. Ancaq bütün bunlara baxmayaraq, SEPAH-ın ABŞ-ni məhv edəcək və ya Vaşinqtona qarşı birbaşa həlledici hərbi üstünlük quracaq gücə sahib olduğunu düşünmək reallıqdan uzaq yanaşmadır".
Rəfiqə Namazəliyeva,
AzNews.az