ABŞ Prezidenti Donald Tramp Tehranın təkliflərinə kəskin reaksiya verib, rəsmi London isə İrana qarşı sanksiyalar paketini genişləndirib.
ABŞ Prezidenti Donald Tramp İranla atəşkəs cəhdlərini və Tehranın son təkliflərini "inanılmaz dərəcədə zəif" adlandıraraq tənqid edib. Tehranın cavabını "zibil" kimi xarakterizə edən Tramp, mövcud diplomatik prosesin "can üstündə" olduğunu və razılaşmanın baş tutma ehtimalının cəmi 1% təşkil etdiyini bildirib.
"Fox News"un verdiyi məlumata görə, dövlət başçısı İran liderlərinin sülh danışıqlarında "geri addım atacağını" iddia edib. O, həmçinin İrana qarşı genişmiqyaslı hərbi əməliyyatların tərkib hissəsi kimi "Azadlıq Layihəsi"nin (Project Freedom) yenidən canlandırıla biləcəyini istisna etməyib.
Gərginliyin artdığı bir vaxtda Aİ-nin xarici siyasət rəhbəri Kaya Kallas fərqli mövqe nümayiş etdirib. Kallas qeyd edib ki, əgər danışıqlar bərpa olunarsa, Avropa onilliklər ərzində topladığı nüvə təcrübəsi ilə bu prosesə böyük töhfə verə bilər.
Lakin Böyük Britaniya daha sərt addımlar atmağa üstünlük verib. Rəsmi London bazar ertəsi günü İranla əlaqəli 12 fiziki və hüquqi şəxsə qarşı sanksiya tətbiq edib. Sanksiya siyahısına düşən tərəflər Böyük Britaniyada hücumlar planlaşdırmaqda və regionu qeyri-sabitləşdirməyə çalışan qruplara maliyyə dəstəyi verməkdə ittiham olunurlar.
İran tərəfi isə ABŞ-a təqdim etdikləri son layihəni "ağıllı və səxavətli" adlandıraraq, Vaşinqtonun bu təklifi rədd etməsini qəbulolunmaz hesab edib.
Diplomatik böhranla yanaşı, İranda daxili vəziyyət də gərgin olaraq qalır. "NetBlocks" monitorinq xidmətinin məlumatına görə, ölkədə tətbiq edilən internet kəsintisi artıq 73-cü gününə daxil olub. Ümumilikdə 1728 saatı ötən bu qadağa İran tarixinin ən uzunmüddətli rəqəmsal blokadası kimi qeydə alınıb.
Mövsüm,
AzNews.az