"Hesab edirəm ki, Rusiya son dövrlərdə Ermənistandan getdikcə daha çox uzaqlaşdırılır. Nikol Paşinyan bu istiqamətdə qətiyyətli mövqe sərgiləyir və onun siyasi mövqeyi gücləndikcə Rusiyanın təsir imkanları zəifləyir. Rusiya Ermənistandakı mövqelərini itirir və bu ölkə onun Cənubi Qafqazdakı əsas dayaq nöqtələrindən biri hesab olunurdu. Ermənistanın təsir dairəsindən çıxması Rusiyanın regiondakı mövqelərinin daha da zəifləməsinə gətirib çıxara bilər. Çünki Azərbaycanda və Gürcüstanda Moskvanın təsiri artıq əvvəlki kimi deyil və əsas platforma kimi Ermənistan qalırdı".
Bu fikirləri Aznews.az-a açıqlamasında “Müasir İnkişaf” İctimai Birliyinin sədri, siyasi şərhçi Mübariz Göyüşlü deyib.
Qeyd edək ki, Rusiya ilə Qərb arasında Ermənistan uğrunda gedən rəqabət getdikcə daha kəskin xarakter alır. Kreml İrəvana onu asanlıqla itirmək niyyətində olmadığını göstərən mesajlar verir və bu istiqamətdə siyasi təzyiq ritorikasını davam etdirir. Mixail Kaluqin isə bildirib ki, Rusiyanın Cənubi Qafqazdakı maraqları dəyişməz qalır və Moskvanın regiondakı mövqelərini yaxın perspektivdə Qərbin əvəz etməsi mümkün deyil. Onun sözlərinə görə, Qərbin artan fəallığına baxmayaraq, Rusiya regionda əsas təsir gücünü qoruyub saxlayacaq.
Siyasi şərhçi qeyd edib ki, bu baxımdan Rusiyanın cəhdləri müşahidə olunsa da, onların effektiv nəticə verdiyini demək çətindir.
"Əksinə, Ermənistanın Qərblə, xüsusilə Avropa İttifaqı ilə inteqrasiyanı genişləndirməyə çalışdığı görünür. Fransa və Almaniya kimi ölkələrin də Ermənistandakı təsir imkanları getdikcə artır. Eyni zamanda, qarşıdakı seçkilərdə Paşinyanın yenidən qalib gəlməsi ehtimalı real qiymətləndirilir. Bu baş verərsə, Ermənistanın Qərbə inteqrasiya xətti daha da güclənə və Rusiyanın ölkədən uzaqlaşdırılması prosesi sürətlənə bilər. Hazırda bir çox analitiklər Ermənistanın xarici siyasətdə artıq seçim etdiyini və bu tendensiyanın getdikcə daha açıq şəkildə formalaşdığını qeyd edirlər".
Rəfiqə Namazəliyeva,
AzNews.az