"44 günlük Vətən müharibəsindən dərhal sonra Azərbaycan Prezidenti sülhə əsaslanan beş prinsipdən ibarət təşəbbüslə çıxış etdi. Bu təşəbbüsün əsasında Cənubi Qafqazda davamlı sülhün və təhlükəsizliyin təmin olunması dayanır. Çünki regionda sabitliyin yaranması həm iqtisadi inkişaf, həm də əməkdaşlıq imkanlarının genişlənməsi deməkdir. Sülh əldə olunduqdan sonra nəqliyyat və infrastruktur layihələrinin açılması, qarşılıqlı ticarət və biznes əlaqələrinin inkişafı üçün yeni imkanlar yaranır. 44 günlük Vətən müharibəsindən sonra Cənubi Qafqazda yeni siyasi reallıq formalaşıb. Bu reallıq Azərbaycan Prezidentinin həyata keçirdiyi balanslaşdırılmış xarici siyasətin nəticəsi kimi qiymətləndirilir. Cənubi Qafqaz qlobal güclərin maraqlarının toqquşduğu mühüm bölgədir və Azərbaycan bu maraqlar arasında balans yaratmağa çalışır. Yeni yaranmış vəziyyət də məhz maraqların daha geniş şəkildə uzlaşdırılmasına şərait yaradır".
Bu fikirləri Aznews.az-a açıqlamasında siyasi şərhçi Azad Məsiyev deyib.
Qeyd edək ki, Nikol Paşinyan sülh çağırışları ilə həm cəmiyyətə, həm də siyasi dairələrə mesajlar versə də, Ermənistanda bəzi qüvvələr hələ də köhnə revanşist düşüncədən uzaqlaşa bilmirlər. 44 günlük Vətən müharibəsinin nəticələrini qəbul etmək istəməyən dairələr sülh prosesinə mane olmağa çalışırlar. Ermənistanın keçmiş müdafiə naziri Seyran Ohanyanın Azərbaycana qarşı sərt və hədələyici açıqlamaları da bunun nümunəsi kimi qiymətləndirilir. Ohanyan bildirib ki, ermənilər ağır məğlubiyyətə baxmayaraq yenidən toparlanaraq mübarizəni davam etdirə bilərlər. O, həmçinin Ermənistan hakimiyyətini ittiham edərək, mövcud vəziyyətin “səriştəsiz idarəçilik” nəticəsində yarandığını iddia edib. Görünən odur ki, bəzi erməni siyasətçiləri hələ də Azərbaycanı “düşmən” obrazından çıxarmaq istəmirlər. Revaşist mövqeyi ilə tanınan Seyran Ohanyan Qarabağ məsələsində hər zaman sərt və kompromissiz siyasi xəttin tərəfdarı kimi çıxış edib.
Siyasi şərhçi qeyd edib ki, Ermənistanda bəzi avantürist qüvvələr siyasi hakimiyyət uğrunda mübarizədə yenidən müharibə ritorikasından istifadə etməyə çalışırlar.
"Onlar Azərbaycanla qarşıdurma çağırışları etməklə daxili auditoriyaya təsir göstərməyə çalışırlar. Halbuki Azərbaycan sülh təşəbbüsü ilə çıxış etsə də, ölkənin tarixi torpaqlarla bağlı mövqeyi və Qərbi Azərbaycana qayıdış məsələsi gündəmdə qalır. Bu prosesin beynəlxalq hüquq çərçivəsində həyata keçirilməsinin tərəfdarı olunduğu vurğulanır. Ermənistandakı bəzi qüvvələrin yeni müharibə çağırışları ilə çıxış etməsi regionda sabitlik üçün təhlükə yarada bilər. Bildirilir ki, əgər Ermənistan yenidən Azərbaycana qarşı hərbi təxribat və ya ərazi iddiaları siyasətini davam etdirsə, Azərbaycan da öz təhlükəsizliyini təmin etmək üçün adekvat addımlar atacaq. Eyni zamanda bu cür çağırışlar Cənubi Qafqazda formalaşan yeni siyasi və iqtisadi əməkdaşlıq mühitinə zərbə vura bilər. Regiondan keçən enerji, nəqliyyat, yaşıl enerji və kommunikasiya layihələri qlobal güclərin maraqlarını uzlaşdıran əsas amillərdən biridir. Müharibə ritorikasının yenidən güclənməsi isə maraqların uzlaşmasını deyil, toqquşmasını gündəmə gətirə və daha ciddi regional risklər yarada bilər. Siyasi və iqtisadi baxımdan Ermənistanın yeni müharibəyə hazır olmadığı bildirilir. Bununla yanaşı vurğulanır ki, Azərbaycan həm iqtisadi inkişaf, həm insan resursları, həm də ordunun peşəkarlığı və vətənpərvərlik ruhu baxımından daha üstün mövqedədir. Buna görə də Ermənistanda səslənən radikal çağırışların ilk növbədə erməni cəmiyyətinin özü üçün ağır nəticələr doğura bilər".
Rəfiqə Namazəliyeva,
AzNews.az