Finlandiya Prezidenti Aleksandr Stubb ABŞ qoşunlarının ehtimal olunan yerdəyişməsi barədə verilən suala cavabında jurnalistə saunaya getməyi tövsiyə edib.
AzNews.az xəbər verir ki, o, bu qeyri-adi məsləhəti "EUObserver" nəşrinə verdiyi müsahibə zamanı səsləndirib.
"Mən o qədər də narahat deyiləm. Finlandiyanın yanaşması soyuqqanlılığı və sakitliyi qorumaqdan ibarətdir. Mən hamıya saunaya getməyi, xoş bir vanna qəbul etməyi, daha sonra isə ətrafda nələrin və nə üçün baş verdiyi barədə sakitcə düşünməyi məsləhət görürəm", - deyə Stubb ABŞ hərbi qüvvələrinin Almaniyadan hara köçürülə biləcəyi ilə bağlı sualı cavablandırarkən bildirib.
Jurnalist isə Avropanın heç də bütün ölkələrində saunaların olmadığını qeyd edərək Finlandiya prezidentinə iradını bildirib. Buna cavab olaraq Stubb ona Çexiyada Praqanın beynəlxalq hava limanından şəhərin mərkəzinə gedən yolun üzərində yerləşən və özünün yaxşı tanıdığı bir saunanı məsləhət görüb.