Kremldən İran həmləsi: Xəzər üzərindən PUA detalları göndərilir

13 May 2026 14:13 (UTC+04:00)
Rusiya İranla hərbi əməkdaşlığı yeni səviyyəyə qaldırıb. Peyk görüntüləri Moskvanın "Şahid” tipli kamikadze PUA istehsalı mərkəzini yüzlərlə hektar genişləndirdiyini ortaya qoyub. ABŞ mətbuatı isə Kremlin Xəzər dənizi üzərindən İrana PUA hissələri və texnoloji dəstək göndərdiyini yazıb.

AzNews.az Qaynarinfo-ya istinadən xəbər verir ki, Rusiya bir tərəfdən İrana silah ixracını artırır, digər tərəfdən isə dünyada ən böyük "Şahid” tipli pilotsuz uçuş aparatı zavodunu genişləndirir. Moskva Rusiyanın əsas PUA istehsalı mərkəzi olan "Alabuqa” Xüsusi İqtisadi Zonasını ötən il 340 hektar genişləndirib.

Peyk görüntülərində "Alabuqa” Xüsusi İqtisadi Zonasının şimal hissəsində yeni inşa edilən nəhəng anqarların, mərkəzi kompleksdə isə istehsal müəssisələri və yaşayış sahələrinin genişləndirildiyi görünür. "Alabuqa”nın dərhal cənubunda isə 450 hektarlıq ayrıca tikinti sahəsi yaradılıb. Bu ərazinin təyinatı hələ məlum deyil, lakin sahəni mərkəzlə birləşdirəcək yol inşa olunur.

Gənclərin də işlədildiyi PUA zavodunda istehsal dəyəri 15 min funt sterlinqdən 50 min funt sterlinqədək dəyişən uzaqmənzilli PUA-ların istehsalı sürətləndirilib. Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Oleksandr Sırski yanvarda verdiyi açıqlamada Rusiyanın kamikadze dron istehsalını gündə min ədədə çatdıraraq istehsalı iki dəfə artırmağı planlaşdırdığını bildirib.

Xəzər dənizi üzərindən daşımalar

ABŞ rəsmiləri "The New York Times”a açıqlamalarında bildiriblər ki, mövcud atəşkəs dövründə Kreml hərbi potensialını bərpa etməsinə kömək etmək məqsədilə İrana Xəzər dənizi üzərindən PUA hissələri göndərib.

Xəzər marşrutu tarixən İran və Rusiya tərəfindən qarşılıqlı hərbi materialların daşınması üçün istifadə olunur. İsrail Müdafiə Qüvvələri müharibə zamanı "Şahid” dronları və artilleriya mərmiləri başda olmaqla Rusiya hərbi texnikasının daşınmasının qarşısını almaq üçün İrandakı Bəndər-Ənzəli limanını vurmuşdu.

Xəzər üzərindən daşınan hissələrin nədən ibarət olduğu dəqiq məlum olmasa da, İranın arsenalını genişləndirməyə yönələn səylər iki ölkə arasında artan hərbi əməkdaşlığı əks etdirir. "The Economist”in məlumatına görə, Kreml İrana elektron müharibə vasitələrindən qorunan 5 min PUA və sayı açıqlanmayan uzaqmənzilli peyk dronları göndərməyi, həmçinin hər ikisinin istifadəsi üzrə təlim keçməyi təklif edib.

Texnologiya və kəşfiyyat məlumatlarının paylaşılması

Rusiya daha əvvəl Ukrayna müharibəsində əldə etdiyi təcrübədən istifadə edərək İrana "Şahid” dronlarının dizaynını təkmilləşdirmək üçün texnologiya transfer etmişdi. Bu yeniləmələr rabitə, naviqasiya və hədəfləmə imkanlarını yaxşılaşdırmaq məqsədi daşıyırdı.

Bundan əlavə, Moskvanın Tehrana ABŞ hərbçilərinin, gəmilərinin və təyyarələrinin yerlərini və hərəkət istiqamətlərini göstərən peyk kəşfiyyat məlumatları təqdim etdiyi də bildirilir. Kremlin İranla hərbi və kəşfiyyat sahəsində əməkdaşlığı Yaxın Şərqdəki münaqişəni uzatmağın bir yolu kimi gördüyünə dair şərhlər də səsləndirilir. Bu vəziyyət Rusiyaya artan neft gəlirlərindən yararlanmaq və beynəlxalq diqqətin Ukraynadan başqa istiqamətə yönəlməsinə imkan yaradır.

ABŞ və İsrailin fevralın sonunda İrana qarşı başlatdığı hava hücumlarından sonra Tehran hava hücumundan müdafiə sistemini "Şahid” dronları ilə gücləndirmək üçün hərəkətə keçib. Mart ayında Küveytə edilən dron hücumlarında altı amerikalı hərbçi həlak olmuşdu.

Rusiya partlayıcı yüklü, İran dizaynlı "Şahid” dronlarından ilk dəfə 2022-ci ildə Ukraynaya qarşı istifadə etməyə başlamışdı. Həmin dövrdə bu dronlar Xəzər dənizindən keçən marşrutla idxal olunurdu.

"Geran-2” adlandırılan kamikadze dronun yerli istehsalına isə 2023-cü ilin iyulunda başlanılıb. Hazırda dronların 90-95 faizi Rusiyada, "Alabuqa” Xüsusi İqtisadi Zonasında istehsal olunur.