Rəis müavini: Mədəni irsin qorunmasında müasir texnologiyaların tətbiqi aktualdır

13 May 2026 18:21 (UTC+04:00)

Mədəni irsin qorunmasında müasir texnologiyaların tətbiqi xüsusi aktuallıq kəsb edir.

Aznews.az xəbər verir ki, bunu Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəis müavini Ayaz Museyibov Bakıda keçirilən "Mədəni irs və müasir texnologiyalar: Rəqəmsal həllərin tətbiqi" adlı panel sessiyasında deyib.

O, dünyanın dördüncü sənaye inqilabı dövründə olduğunu və bu dövrdə mədəni irsin qorunmasına yanaşmaların dəyişdiyini vurğulayıb:

"Eyni zamanda, iqlim dəyişiklikləri və antropogen fəaliyyətlər, yəni insan təsiri nəticəsində mədəni irs nümunələrinin zədələnməsi, hətta bəzi hallarda öz autentikliyini itirməsi müşahidə olunur. Bu səbəbdən, mədəni irsin qorunmasında müasir texnologiyaların tətbiqi xüsusi aktuallıq kəsb edir".

Rəis müavininin sözlərinə görə, bu istiqamətdə süni intellekt alətləri, genişləndirilmiş və virtual reallıq texnologiyaları, 3D skanlama, dron texnologiyaları, eləcə də coğrafi informasiya sistemləri mühüm rol oynayır:

"Bu texnologiyalar mədəni irs ekosistemi üzrə məlumatların sistemləşdirilməsinə, vahid bazada toplanmasına və dərin analitik təhlil aparılmasına imkan yaradır".