"ABŞ qanunvericiliyinə əsasən, prezident Konqresin icazəsi olmadan maksimum 60 gün ərzində hərbi əməliyyat apara bilər. Əgər müharibə bu müddətdən artıq davam edərsə, artıq Konqresin razılığı tələb olunur. İranla bağlı qarşıdurmanın 28 fevralda başladığını nəzərə alsaq, həmin 60 günlük müddət artıq başa çatmalı idi. Lakin görünən odur ki, münaqişə tam yekunlaşmayıb və ABŞ qarşıya qoyduğu məqsədlərə tam nail olmayıb. Hələ də həllini gözləyən məsələlər və güc tətbiqi ehtimalı qalır. Donald Trampın da məhz buna görə fərqli taktika seçdiyi iddia olunur. Belə ki, əvvəlki “Epik qəzəb” əməliyyatını başa çatmış elan edib, yeni mərhələyə start verilir. Bu mərhələnin adı isə “Ağır çəkic” əməliyyatı kimi təqdim olunur. Adın özü də simvolik məna daşıyır. Çünki ağır çəkic ən möhkəm maneələri dağıtmaq, daşları parçalamaq və dayanıqlı sədləri məhv etmək üçün istifadə olunan alətdir".
Bu fikirləri Aznews.az-a açıqlamasında siyasi şərhçi Azər Həsrət deyib.

Qeyd edək ki, Pentaqon İranla əldə olunan atəşkəsin pozulacağı təqdirdə hərbi əməliyyatın adının dəyişdirilməsini müzakirə edir. Bildirilir ki, ABŞ-ın İrana qarşı həyata keçirdiyi “Epik qəzəb” əməliyyatı gələcək mərhələdə “Küldəng” (“Operation Sledgehammer”) adı altında davam etdirilə bilər. Məlumata əsasən, Vaşinqton administrasiyası hərbi əməliyyatların yenidən başlanması ehtimalını ciddi şəkildə dəyərləndirir.
Siyasi şərhçi bildirib ki, həm 60 günlük hüquqi məqam, həm də əməliyyat üçün seçilən ad ABŞ-nin İrana qarşı daha sərt və dağıdıcı addımlara hazırlaşdığını göstərir.
"Bu vəziyyətdə İran rəhbərliyinin vaxt itirmədən danışıqlar masasına qayıtmasının vacib olduğu vurğulanır. Çünki “Ağır çəkic” əməliyyatının əvvəlki mərhələdən daha ağır nəticələr doğura biləcəyi ehtimal edilir. Əgər “Epik qəzəb” dövründə yüksək vəzifəli şəxslər və mühüm fiqurlar hədəfə çevrilmişdisə, yeni mərhələdə dövlət strukturlarının daha geniş miqyasda zərbə ala biləcəyi iddia olunur. Bu səbəbdən də İranın ABŞ ilə anlaşma yolunu seçməsinin daha məqsədəuyğun olduğu bildirilir. Əks halda, qarşıdakı mümkün hücumların əvvəlki ilə müqayisədə daha sərt və dağıdıcı olacağı ehtimal edilir".
Rəfiqə Namazəliyeva,
AzNews.az