"Biz dəfələrlə İranın hərbi və siyasi rəhbərlərinin kifayət qədər sərt və iddialı bəyanatlarının şahidi olmuşuq. Hazırda İranın ABŞ-ı döyüş meydanında böyük məğlubiyyətlə hədələməsi də diqqət çəkir. Lakin nəzərə almaq lazımdır ki, hərbi əməliyyatlar ABŞ ərazisində deyil, məhz İran ərazisində aparılır. Bu günə qədər ABŞ əməliyyatlar zamanı cəmi 13 hərbçi itirib. Halbuki İran müharibənin ilk günündə ali dini lider də daxil olmaqla yüksək rütbəli hərbi və siyasi fiqurlar arasında daha böyük itkilərlə üzləşmişdi. Bu isə tərəflərin itkiləri arasında ciddi fərqin olduğunu göstərir. ABŞ-nin irəli sürdüyü tələblər müəyyən mənada anlaşılandır. Lakin görünən odur ki, Vaşinqton artıq İranın nüvə proqramı ilə bağlı əvvəlki qədər sərt şərtlər irəli sürmür".
Bu fikirləri Aznews.az-a açıqlamasında hərbi ekspert Ədalət Verdiyev deyib.
Qeyd edək ki, İran və ABŞ arasında gərginlik yenidən artan xətt üzrə davam edir. Tehran Vaşinqtonun irəli sürdüyü təklifləri qəbul etmədiyini açıq şəkildə nümayiş etdirir, İran rəsmilərinin sərt bəyanatları isə regionda yeni qarşıdurma ehtimallarını gündəmə gətirir. İran Müdafiə Nazirliyinin sözçüsü general Rza Talayiniqin ABŞ-ni “döyüş meydanında daha böyük məğlubiyyət”lə hədələməsi tərəflər arasında diplomatik kanalların daha da zəiflədiyini göstərir. Bununla yanaşı, İranın ABŞ ilə danışıqların bərpası üçün irəli sürdüyü şərtlər — sanksiyaların ləğvi, dondurulmuş aktivlərin qaytarılması və Hörmüz boğazı üzərində suverenliyin tanınması — Yaxın Şərqdə geosiyasi gərginliyin daha geniş mərhələyə keçə biləcəyi ilə bağlı suallar yaradır.
Ekspert bildirib ki, bu vəziyyət İranın müharibə nəticəsində müəyyən mövqelərini, o cümlədən nüvə silahı əldə etmək imkanlarını zəiflətməsi kimi qiymətləndirilir.
"Dondurulmuş İran aktivlərinin geri qaytarılması məsələsi isə ABŞ tərəfindən müharibədən əvvəl də dəfələrlə təklif olunmuşdu. Ancaq Tehran nüvə proqramından imtina etmədiyi üçün həmin təklifləri qəbul etmirdi. Hazırda isə İranın səsləndirdiyi təkliflər daha çox nüvə proqramından geri çəkilmək müqabilində dondurulmuş aktivlərin qaytarılması və sanksiyaların yumşaldılması ilə bağlıdır. Bu isə Vaşinqtonun Tehran üzərində təzyiq imkanlarını artırdığını göstərir. İran rəsmilərinin sərt bəyanatları isə daha çox daxili auditoriyaya hesablanmış mesajlar kimi qiymətləndirilir. Çünki danışıqlar prosesində İran tərəfinin əvvəlki dövrlərlə müqayisədə daha zəif mövqedən çıxış etdiyi görünür. Hərbi baxımdan da İranın imkanlarının zəiflədiyi qeyd olunur. İranın dəniz qüvvələrinin faktiki olaraq zəif vəziyyətdə olduğu bildirilir. Hərbi hava qüvvələrinin fəaliyyəti də pilotsuz uçuş aparatları istisna olmaqla demək olar müşahidə olunmur. İran hava məkanında düşmənə qarşı genişmiqyaslı aktiv müqavimət nümayiş etdirə bilməyib. Digər tərəfdən, İranın regiondakı proksi qüvvələrinin də ciddi zərbələr aldığı vurğulanır. Hazırda yalnız Livanda Hizbullahın müəyyən müqavimət imkanlarının qaldığı qeyd edilir. Hüsilər, HƏMAS, “Zeynəbiyyun”, “Hüseyniyyun” və “Fatimiyyun” kimi qrupların isə əvvəlki aktivliyini itirdiyi bildirilir. Xüsusilə HƏMAS-ın həm siyasi, həm də hərbi baxımdan ciddi zəiflədiyi vurğulanır. Hizbullahın isə hələ müəyyən təsir imkanları qalsa da, uzun müddət bu vəziyyəti qoruyub saxlaya bilməyəcəyi ehtimal olunur. Hətta ilin sonuna qədər təşkilatın Yaxın Şərqdəki proseslərə təsir imkanlarını əhəmiyyətli dərəcədə itirəcək".
Rəfiqə Namazəliyeva,
AzNews.az