“Azeri Light” neftinin qiymətindəki cüzi eniş daha çox texniki və qısamüddətli bazar dalğalanması kimi qiymətləndirilə bilər. Çünki qiymət hələ də 115 dollar səviyyəsində qalır ki, bu da həm tarixi, həm də büdcə göstəriciləri baxımından olduqca yüksək rəqəmdir.
Əsas diqqətçəkən məqam ondan ibarətdir ki, Azərbaycanın dövlət büdcəsində neftin baza qiyməti 65 dollar götürülsə də, hazırkı qiymət bunun təxminən iki dəfə yüksəkdir. Bu isə o deməkdir ki, Azərbaycanın enerji gəlirləri büdcə proqnozlarını əhəmiyyətli dərəcədə üstələməyə davam edir. Belə vəziyyət Dövlət Neft Fonduna daxilolmaları artırır, fiskal dayanıqlılığı gücləndirir və iri infrastruktur və sosial layihələrin maliyyələşdirilməsi üçün əlavə imkan yaradır.
Digər tərəfdən, qiymətin yüksək qalması Azərbaycanın ixrac gəlirləri və tədiyə balansı üçün də mühüm üstünlükdür. Enerji sektorundan daxil olan əlavə valyuta axını manatın sabitliyini dəstəkləyən əsas amillərdən biri olaraq qalır.
Hazırkı mərhələdə bazara təsir edən əsas faktorlar geosiyasi risklər, Yaxın Şərqdəki vəziyyət, qlobal enerji tələbi və OPEC+ ölkələrinin hasilat siyasətidir. Xüsusilə bazarda təkliflə bağlı risklərin qalması neft qiymətlərinin yüksək səviyyədə saxlanmasına səbəb olur.
Bununla belə, qlobal iqtisadi artımın zəifləməsi, xüsusilə Çin və Avropada sənaye aktivliyinin aşağı düşməsi neft bazarı üçün risk olaraq qalır. Əgər dünya iqtisadiyyatında yavaşlama dərinləşərsə, gələcək aylarda qiymətlərə təzyiq arta bilər.
Amma hazırkı şəraitdə 115 dollar səviyyəsində olan “Azeri Light” Azərbaycanın makroiqtisadi göstəriciləri üçün son dərəcə əlverişli qiymət hesab olunur və büdcə üçün ciddi təhlükə siqnalları görünmür.
Nuray, Aznews.az