"Son dövrlərdə sosial şəbəkələrdə yayılan bəzi videolar cəmiyyətdə haqlı narahatlıq yaradır. Dərs zamanı şagirdlərin intizamsız davranışı və müəllimin buna dərhal reaksiya verməməsi bəzən yanlış şəkildə müəllimin zəifliyi kimi qiymətləndirilir. Halbuki məsələyə daha dərindən baxdıqda görürük ki, müəllim çox həssas bir tarazlığı qorumağa çalışır. Müasir təhsil sistemində müəllimin rolu əvvəlki illərlə müqayisədə xeyli dəyişib. Artıq müəllim intizamı qoruyan sərt nəzarətçi deyil, daha çox yönləndirən, izah edən və münasibətləri tənzimləyən bir liderdir. Bu yanaşma Finlandiya, Kanada və Sinqapur kimi qabaqcıl təhsil sistemlərində də geniş tətbiq olunur. Həmin ölkələrdə intizam qorxu ilə deyil, qarşılıqlı hörmət, aydın qaydalar və məktəb-müəllim-valideyn əməkdaşlığı vasitəsilə formalaşdırılır. İnzibati Xətalar Məcəlləsinə edilən son dəyişikliklərin əsas məqsədi uşaqları fiziki və psixoloji zorakılıqdan qorumaqdır. Bu, müəllimin nüfuzunu azaltmaq üçün deyil, təhsil mühitində sağlam münasibətləri gücləndirmək üçün atılmış vacib addımdır. Əslində, müəllimin peşəkar şəkildə etdiyi xəbərdarlıq, davranış qaydalarının xatırladılması və sinifin idarə olunması heç bir halda təzyiq kimi qiymətləndirilməməlidir. Mən hesab edirəm ki, məktəbdə intizam cəza ilə deyil, sistemli yanaşma ilə təmin olunmalıdır".
Bu fikirləri Aznews.az-a açıqlamasında Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın katibi Günay Əkbərova deyib.
Xatırladaq ki, son vaxtlar sosial şəbəkələrdə məktəblərdə lentə alınmış və şagirdlərin dərs prosesində intizamsız davranışlarını əks etdirən videolar geniş müzakirə olunur. Həmin görüntülərdə müəllimlərin əksər hallarda hadisələrə müdaxilə etməməsi diqqətdən yayınmır. Bu mənzərə isə cəmiyyətdə “müəllim niyə susmağa üstünlük verir?” sualını gündəmə gətirir. İddialara görə, bəzi müəllimlər şagird və valideyn reaksiyasından ehtiyat etdikləri üçün sərt xəbərdarlıq və ya müdaxilədən çəkinirlər. Çünki adi bir iradın belə sonradan şikayət, araşdırma və hətta inzibati məsuliyyətlə nəticələnə biləcəyindən narahatdırlar. Eyni zamanda, İnzibati Xətalar Məcəlləsinə edilən son dəyişikliklərə əsasən, uşaqlara qarşı fiziki zorakılıq və psixoloji təzyiq göstərən valideynlər, müəllimlər və digər məsul şəxslər cərimələnə bilər. Dəyişikliklərin əsas məqsədi uşaqların hüquqlarını və fiziki-mənəvi toxunulmazlığını qorumaqdır. Lakin bəzi təhsil ekspertləri hesab edir ki, bu yanaşma müəllimlərin məktəbdə intizamı təmin etmək imkanlarını daha da məhdudlaşdıra bilər.
G. Əkbərova bildirib ki, məktəbin daxili qaydaları hər kəs üçün aydın və konkret olmalı, şagird davranışının nəticələri əvvəlcədən müəyyənləşdirilməli, valideynlər məktəbin tələblərini dəstəkləməli, müəllim isə peşəkar qərarlarında tək buraxılmamalıdır.
"Müəllim bilməlidir ki, o, qayda-qanunu qoruyarkən məktəb rəhbərliyi və cəmiyyət tərəfindən dəstəklənir. Valideyn-müəllim münasibətlərində də qarşılıqlı etimad çox vacibdir. Valideyn müəllimi yalnız övladına dərs deyən şəxs kimi deyil, onun inkişafına töhfə verən peşəkar tərəfdaş kimi görməlidir. Müəllim də valideynlə açıq və konstruktiv ünsiyyət qurmalıdır. Unutmamalıyıq ki, intizam sərtlik demək deyil. İntizam öyrənmək üçün təhlükəsiz, sakit və hörmətə əsaslanan mühit yaratmaq deməkdir. Müəllimə hüquqi və mənəvi dəstək verildikdə, o, həm şagirdin hüquqlarını qoruyur, həm də sinifdə sağlam nizam-intizamı təmin edə bilir. Güclü məktəb mühiti müəllimin səsi eşidildikdə və peşəkarlığına etibar edildikdə formalaşır".
Rəfiqə Namazəliyeva,
AzNews.az