"Düşünürəm ki, Çin sədrinin bu məsələdə mövqeyi əsaslıdır. Çünki Tayvan məsələsi ABŞ ilə Çin arasında birbaşa qarşıdurmaya səbəb ola biləcək əsas geosiyasi mövzulardan biridir və uzun müddətdir dünya gündəmini zəbt edir. Burada söhbət təkcə bir adanın müstəqillik iddiasından və ya Çinin onu öz ərazisi hesab etməsindən getmir. Tayvan həm strateji mövqeyi, həm də dünyanın çip istehsalındakı aparıcı rolu səbəbindən qlobal güclərin maraqlarının toqquşduğu əsas nöqtələrdən birinə çevrilib. Dünyada istehsal olunan yüksək texnologiyalı çiplərin mühüm hissəsinin Tayvanda istehsal edilməsi bu məsələni daha da həssas edir. Belə ciddi məsələdə nə Çinin asanlıqla Tayvandan geri çəkilməsi, nə də ABŞ-nin Tayvanı Pekinə güzəştə getməsi real görünür. Əgər söhbət “Vahid Çin” prinsipinin tam şəkildə qəbulundan gedirsə, Vaşinqton buna yalnız qarşılığında ciddi strateji üstünlük əldə edəcəyi halda razı ola bilər. Təkcə sərt bəyanatlar və ya hərbi güc nümayişi kifayət etmir. Çin bu istiqamətdə nəticə əldə etmək istəyirsə, real güc balansını dəyişdirə bilməlidir. Digər tərəfdən, Tayvan ətrafında ABŞ və Çinin yüksəlişini qəbul etmək istəməyən digər qlobal güclərin də maraqları mövcuddur".
Bu fikirləri Aznews.az-a açıqlamasında siyasi şərhçi Həşim Səhrablı deyib.
Qeyd edək ki, Tayvan məsələsində yanlış addımların atılması Çinlə ABŞ arasında birbaşa qarşıdurma riskini artıra bilər. Bu barədə Çin sədri Si Cinpin ABŞ Prezidenti Donald Tramp ilə danışıqları zamanı bildirib. Çin liderinin sözlərinə görə, Tayvan məsələsi Pekinlə Vaşinqton münasibətlərində ən həssas və strateji mövzulardan biridir. O vurğulayıb ki, problemin düzgün idarə olunması iki ölkə arasında sabitliyin qorunmasına imkan verə bilər. Əks halda isə münasibətlər açıq qarşıdurma və hətta münaqişə mərhələsinə keçə bilər.
Siyasi şərhçi qeyd edib ki, Tayvanın yüksək texnologiya potensialına malik olması onun hərbi imkanlarının da zəif olmadığını göstərir.
"Ada həm öz resursları, həm də mümkün xarici dəstəklər hesabına Çinə qarşı ciddi müqavimət göstərə biləcək potensiala malikdir. Məhz bu qeyri-müəyyənlik Pekini bu günə qədər hərbi variantdan tam şəkildə istifadə etməkdən çəkindirən əsas amillərdən biri hesab olunur. Çünki mümkün münaqişə zamanı Tayvanın nə qədər müqavimət göstərəcəyi və hansı səviyyədə xarici dəstək alacağı tam hesablana bilmir. ABŞ məsələsinə gəldikdə isə, Vaşinqtonun Tayvanı tam şəkildə Çinin nəzarətinə buraxacağı inandırıcı görünmür. ABŞ üçün çip bazarı strateji əhəmiyyət daşıyır və Tayvanın Çinə birləşdirilməsi Pekinin texnologiya sahəsində daha böyük üstünlük qazanması demək ola bilər. Buna görə də ABŞ-nin əsas məqsədi Tayvanın formal müstəqilliyindən daha çox mövcud status-kvonun qorunmasıdır. Vaşinqton Tayvanı həm Çinə qarşı strateji dayaq, həm də Sakit okean bölgəsində mühüm geosiyasi mövqe kimi qiymətləndirir. Ada həm mühüm ticarət və tranzit yolları üzərində yerləşir, həm də iqtisadi baxımdan ABŞ üçün vacib tərəfdaşlardan biridir. Bu səbəbdən dünyanın əsas güclərindən biri olan ABŞ-nin Tayvan kimi strateji əhəmiyyətə malik bölgədən asanlıqla imtina etməsi gözlənilən deyil".
Rəfiqə Namazəliyeva,
AzNews.az