"ABŞ-nin İrana əməliyyatı daha böyük planın tərkib hissəsidir" - Azad Məsiyev

14 May 2026 21:41 (UTC+04:00)

"Amerika Birləşmiş Ştatlarının İranda həyata keçirdiyi hərbi əməliyyat təsadüfi deyil. Bu, daha geniş strateji planın bir hissəsidir. ABŞ-nin əsas məqsədi dünyada təkqütblü sistem qurmaq və həmin sistemdə öz üstün mövqeyini qorumaqdır. Amerika Birləşmiş Ştatları bu siyasəti müxtəlif dövrlərdə fərqli hakimiyyətlər və siyasi administrasiyalar vasitəsilə davam etdirir. Lakin ümumi xətt dəyişmir. Əsas məqsəd qlobal güc balansını öz xeyrinə saxlamaqdır. İran bu böyük geosiyasi prosesdə çox mühüm mövqedə dayanır. Onun həm coğrafi yerləşməsi, həm də enerji resursları onu Amerika Birləşmiş Ştatları, Rusiya Federasiyası və Çin Xalq Respublikası arasında gedən rəqabətin əsas mərkəzlərindən birinə çevirir. Xüsusilə Çin Xalq Respublikası üçün İran enerji təhlükəsizliyi baxımından çox vacib ölkədir. Amerika Birləşmiş Ştatlarının İranda rejim dəyişikliyi cəhdləri də məhz bu ölkəni öz maraqlarına uyğun siyasi sistemə uyğunlaşdırmaq məqsədi daşıyırdı. Amma bu plan tam şəkildə uğurlu olmadı. Bunun səbəbi yalnız İranın daxili müqaviməti deyil, həm də Rusiya Federasiyası və Çin Xalq Respublikasının bu prosesə qarşı çıxmasıdır".

Bu fikirləri Aznews.az-a açıqlamasında siyasi şərhçi Azad Məsiyev deyib.

Qeyd edək ki, Rusiyanın və Çinin İrana təhlükəsizlik zəmanəti verə biləcəyi, həmçinin İslam Respublikası ilə Amerika Birləşmiş Ştatları arasında mövcud gərginliyin aradan qaldırılmasında əsas rol oynaya biləcəyi ilə bağlı fikirlər səsləndirilib. Bu barədə Şanxay Beynəlxalq Araşdırmalar Universiteti nəzdində fəaliyyət göstərən Şanxay Qlobal İdarəetmə və Ərazi Araşdırmaları Akademiyasının professoru və icraçı direktoru Yanq Çenq açıqlama verib.

Siyasi şərhçinin fikrincə, hazırda Rusiya Federasiyası, Çin Xalq Respublikası və İran arasında müəyyən strateji yaxınlaşma müşahidə olunur.

"Bu əməkdaşlıq həm açıq şəkildə, həm də qeyri-rəsmi formatlarda inkişaf edir və Amerika Birləşmiş Ştatlarının regiondakı təsirini balanslaşdırmağa yönəlmiş bir proses kimi görünür. Hörmüz boğazı kimi strateji ərazilər də bu geosiyasi mübarizənin əsas hissəsidir. Çünki bu ərazilər üzərində nəzarət qlobal enerji daşımalarına və ticarət axınlarına birbaşa təsir göstərir. Eyni zamanda Amerika Birləşmiş Ştatlarının daxili siyasi vəziyyəti də bu prosesə təsir edən amillərdən biridir. Seçki prosesləri, siyasi partiyalar arasındakı rəqabət və liderlərin ictimai reytinqləri xarici siyasət qərarlarına da təsir edir. Amerika Birləşmiş Ştatları bəzi hallarda Çin Xalq Respublikası və İranla danışıqlara gedərək müəyyən kompromislər axtarır. Amma bu razılaşmalar daha çox taktiki xarakter daşıyır və uzunmüddətli sabit həll yaratmır. Ümumilikdə isə dünya sistemi tədricən təkqütblü modeldən çoxqütblü modelə doğru dəyişir. Rusiya Federasiyası, Çin Xalq Respublikası və İranın yaxınlaşması da bu prosesin göstəricilərindən biridir. Gələcəkdə bu üçlüyün daha güclü geosiyasi blok kimi formalaşma ehtimalı mövcuddur".

Rəfiqə Namazəliyeva,

AzNews.az