​“Enerji sisteminin hədəfə alınması Ukraynanın müdafiə potensialını zəiflətməyə hesablanıb” – Rəşad Bayramov

15 May 2026 18:51 (UTC+04:00)

"Şübhəsiz ki, yaşayış məntəqələrinin, enerji infrastrukturunun və sosial obyektlərin hədəfə alınması yalnız hərbi məqsədlərlə izah olunmur. Moskva bu taktika ilə həm döyüş meydanında, həm də siyasi və psixoloji müstəvidə üstünlük qazanmağa çalışır. Başqa sözlə, bu hücumların əsas məqsədlərindən biri Ukrayna cəmiyyətinin müqavimət iradəsini qırmaqdır. Enerji obyektləri, yaşayış binaları və mülki infrastrukturun hədəfə alınması insanların gündəlik həyatını iflic vəziyyətinə salmağa hesablanıb. Rusiya bununla Ukrayna əhalisi arasında yorğunluq yaratmaq və onları müharibədən bezdirmək istəyir. Digər mühüm məqsəd Ukrayna rəhbərliyinə və onun Qərb tərəfdaşlarına siyasi mesaj verməkdir. Moskva göstərmək istəyir ki, uzunmüddətli müharibə aparmaq imkanına malikdir və Ukraynanın hava hücumundan müdafiə sistemlərini davamlı təzyiq altında saxlaya bilir".

Bu fikirləri Aznews.az-a açıqlamasında siyasi şərhçi Rəşad Bayramov deyib.

Qeyd edək ki, son günlər Rusiyanın Ukraynanın müxtəlif bölgələrində mülki təyinatlı obyektlərə qarşı hücumları daha da güclənib. Ötən gecə Rusiya Silahlı Qüvvələri Kiyevə raket və dronlarla genişmiqyaslı zərbələr endirib. Hücum nəticəsində azı 12 nəfər ölüb, onlarla şəxs yaralanıb.

Siyasi şərhçi bildirib ki, Rusiya rəhbərliyi müharibənin uzanmasının Qərbdə Ukraynaya dəstəklə bağlı siyasi yorğunluq yarada biləcəyini düşünür.

"Bu səbəbdən mülki infrastruktura hücumlar həm də Qərb ictimai rəyinə təsir göstərmək məqsədi daşıyır. Bu hücumların hərbi-strateji tərəfi də var. Rusiya Ukraynanın enerji və logistika sistemlərini zəiflədərək cəbhə xəttində ordunun imkanlarını məhdudlaşdırmağa çalışır. Enerji infrastrukturu müasir müharibədə yalnız mülki sektor üçün deyil, həm də hərbi idarəetmə və müdafiə sistemləri üçün həyati əhəmiyyət daşıyır. Buna görə də Moskva infrastruktur zərbələri vasitəsilə Ukraynanın ümumi müdafiə potensialını zəiflətməyi hədəfləyir. Bununla yanaşı, bu taktika Rusiyanın danışıqlar masasında əlini gücləndirmək cəhdi kimi də qiymətləndirilə bilər. Kreml hesab edir ki, hərbi və humanitar təzyiq artdıqca Ukrayna və onun tərəfdaşları müəyyən kompromislərə daha yaxın ola bilərlər. Xüsusilə ABŞ-da seçki ilinin olması, Vaşinqtonun Yaxın Şərqdəki proseslərə cəlb olunması, eləcə də Avropanın bir sıra ölkələrində seçkilərə hazırlıq getdiyi bir dövrdə Moskva zaman faktorundan istifadə etməyə çalışır. Lakin bu strategiyanın Rusiya üçün nə dərəcədə uğurlu olduğunu söyləmək çətindir. Çünki bu yanaşmanın əks-effekt yaratdığı məqamlar da var. Mülki obyektlərə hücumlar beynəlxalq aləmdə Rusiyaya qarşı tənqidlərin və sanksiya çağırışlarının güclənməsinə səbəb olur. Eyni zamanda, bu hücumlar Ukrayna cəmiyyətində müqavimət hissini tam qırmaq əvəzinə, bir çox hallarda onu daha da gücləndirir. Qərb ölkələri də məhz bu təhlükələr fonunda Ukraynaya əlavə yardımların göndərilməsini sürətləndirirlər. Ümumilikdə isə Moskvanın məqsədi Ukraynanın həm fiziki, həm psixoloji, həm də iqtisadi dayanıqlığını zəiflətməkdir. Kreml müharibənin yalnız cəbhədə deyil, enerji, informasiya və sosial sahələrdə də aparıldığını göstərməyə çalışır. Bunun nə dərəcədə nəticə verəcəyi isə əsasən Qərbin Ukraynaya dəstəyinin davamlılığından və Kiyevin daxili müqavimət imkanlarından asılı olacaq".

Rəfiqə Namazəliyeva,

AzNews.az