"Süni intellektdən istifadə dövrün və zamanın tələbidir. Artıq bütün texnoloji vasitələrdə — ağıllı telefonlarda, kompüterlərdə və digər cihazlarda bu tətbiqlərdən geniş şəkildə istifadə olunur. ChatGPT isə süni intellektin tətbiqi ilə ən geniş yayılan platformalardan biridir. O, gündəlik həyatda insanların fəaliyyətini tənzimləməkdə, müxtəlif tapşırıq və vəzifələri yerinə yetirməkdə əhəmiyyətli dərəcədə yardımçı olur. Artıq insanlar üçün gündəlik həyatın bir hissəsinə çevrilib və məlumat əldə etmək, informasiya mübadiləsi aparmaq baxımından əsas texnologiyalardan biri kimi çıxış edir. Məsələ yalnız məlumat əldə etməkdən ibarət deyil. Qeyd etmək lazımdır ki, süni intellektin məlumat vermə imkanları digər alternativ media vasitələri ilə müqayisədə müəyyən qüsur və çatışmazlıqlara da malikdir. Söhbət ondan gedir ki, xüsusilə demo versiyada olan süni intellekt proqramları müəyyən məhdudiyyətlər çərçivəsində proqramlaşdırıldığı üçün bəzi şərtləri və tapşırıqları birbaşa qəbul etmirlər. Buna görə də, bir çox hallarda məsələləri daha dəqiq və detallı şəkildə izah etmək lazım gəlir. Bəzən insanlar fərdi araşdırmalar vasitəsilə süni intellektin təqdim etdiyindən daha yaxşı nəticələr əldə edə bilirlər. Lakin bu istisnalar ümumi inkişaf tendensiyasını dəyişmir".
Bu fikirləri Aznews.az-a açıqlamasında sosioloq Naib Niftəliyev deyib.
Qeyd edək ki, süni intellekt və xüsusilə də ChatGPT kimi platformalar son illərdə gündəlik həyatın ayrılmaz hissəsinə çevrilib. Artıq insanlar məlumat əldə etmək, yazı hazırlamaq, tərcümə etmək, hətta psixoloji dəstək almaq üçün belə süni intellektdən istifadə edirlər. Xüsusilə gənclər arasında bu texnologiyalara maraq sürətlə artır. Bəzi mütəxəssislər hesab edir ki, süni intellekt insanların işini asanlaşdırır və yeni imkanlar yaradır. Digərləri isə düşünür ki, bu platformalar insan münasibətlərinə, düşünmə qabiliyyətinə və hətta peşələrə ciddi təsir göstərə bilər.
Sosioloq qeyd edib ki, süni intellekt getdikcə daha geniş fəaliyyət sahələrinə nüfuz edir.
"Araşdırmalar göstərir ki, bu məsələ yalnız gənclər arasında deyil, yaşlı nəsil arasında da diqqət mərkəzindədir. Yaşlı nəslin uzun müddət zəhmət bahasına həyata keçirdiyi araşdırma və yazıların süni intellekt tərəfindən qısa müddətdə yerinə yetirilməsi həm heyrətləndirici, həm də müəyyən qədər gözlənilməz görünür. Bu baxımdan gənclər yeniliklərə daha açıqdırlar. Yaşlı nəslin isə bir qədər mühafizəkar yanaşması və pessimist proqnozlara üstünlük verməsi təbii qarşılanmalıdır. Süni intellekt o halda insanların işini asanlaşdırır ki, insanlar ondan düzgün istifadə etməyi bacarsınlar. Yəni hansı metodlardan necə istifadə etməyi, nəyi necə soruşmağı və prosesi necə istiqamətləndirməyi bilməlidirlər. Texnologiyanın özü də davamlı şəkildə inkişaf edir. Süni intellekt sistemləri getdikcə daha mürəkkəb və dəqiq olur, daha çətin tapşırıqları yüksək keyfiyyətlə yerinə yetirə bilir. Süni intellekt insanın yaratdığı sosial texnologiyalardan biridir və indiyə qədər ortaya çıxmış ən təsirli, ən gözlənilməz texnoloji vasitələrdən hesab oluna bilər. Eyni zamanda bu texnologiya müəyyən sosial riskləri də özündə daşıyır. Süni intellekt insanların davranışına, fəaliyyətinə, peşə nüfuzuna və hətta əmək bazarına ciddi təsir göstərir və gələcəkdə də göstərməkdə davam edəcək. Hər hansı peşəyə təsir məsələsi isə nisbidir. Əslində, süni intellekt bütün peşələrə müəyyən formada təsir edir. Sadəcə, bəzi sahələrdə onun tətbiqi daha çətin görünür və həmin istiqamətlərdə insan faktoruna daha çox ehtiyac qalır. Məsələn, psixologiya sahəsində müəyyən informasiya bazası olduğu halda süni intellekt vasitəsilə məsləhət almaq mümkündür. Yaxın perspektivdə isə 3D və 4D texnologiyaların süni intellektlə inteqrasiyası nəticəsində daha inkişaf etmiş virtual məsləhət sistemlərinin yaranacağı gözlənilir. Müxtəlif botların yaradılması da bu istiqamətdə atılan addımlardan biridir. Lakin bütün bunlara baxmayaraq, süni intellekt insanı tam əvəz edə bilmir. O, insana yaxın nəticələr təqdim etsə də, müəyyən boşluqlar və baryerlər qalmaqdadır. Bu isə süni intellektin insan olmadığını və onun düzgün istiqamətləndirməyə ehtiyac duyduğunu göstərir. Şübhəsiz ki, süni intellekt cəmiyyətə çox şey qazandıra bilər. Ondan düzgün istifadə edildikdə, məqsədyönlü və dəqiq tapşırıqlar verildikdə böyük fayda əldə etmək mümkündür. Ancaq bütün prosesləri tam şəkildə süni intellektə həvalə etmək və onun təqdim etdiyi məlumatları mütləq həqiqət kimi qəbul etmək ciddi risklər yarada bilər. Çünki süni intellekt də insanlar kimi səhv edə bilir. Elə məsələlər var ki, onlar mövcud alqoritmlərin xaricindədir və həmin suallara tam doğru cavab almaq çətin olur. Xüsusilə sosial davranışla bağlı məsələlərdə müxtəlif platformalarda eyni suala fərqli cavablar almaq mümkündür. Hətta eyni platformada müxtəlif vaxtlarda fərqli cavablarla qarşılaşmaq realdır. Bu baxımdan cəmiyyət üçün yaranan sosial risklər kifayət qədər ciddidir. Süni intellektdən istifadə zamanı peşəkarlıq və məsuliyyətli yanaşma vacibdir. Kim bu texnologiyadan daha düzgün və daha dəqiq istifadə etməyi bacarırsa, daha çox üstünlük əldə edir. Əks halda, sadəcə işi süni intellektin üzərinə qoymaq və onun təqdim etdiyi məlumatları yoxlamadan reallıq kimi qəbul etmək ciddi problemlərə səbəb ola bilər. Təcrübə göstərir ki, süni intellektin təqdim etdiyi nəticələrdə müəyyən yanlışlıqlar mövcuddur. Xüsusilə yaradıcı məsələlərdə və insan davranışı ilə bağlı mövzularda səhv ehtimalı daha yüksəkdir. Bütün bunlar göstərir ki, süni intellektin imkanları geniş olsa da, onun yaratdığı risklər də az deyil".
Rəfiqə Namazəliyeva,
AzNews.az