“Rusiyanın Ermənistandakı təsir imkanları tədricən zəifləyir” - Mübariz Göyüşlü

15 May 2026 21:19 (UTC+04:00)

"Son dövrlərdə müşahidə edilən tendensiyalar Rusiyanın Ermənistandakı təsir imkanlarının tədricən zəiflədiyini göstərir. Baş nazir Nikol Paşinyanın sərgilədiyi siyasi kurs bu prosesdə həlledici amillərdən biri kimi qiymətləndirilir. Onun mövqeləri gücləndikcə, Moskvanın İrəvan üzərində ənənəvi təsir rıçaqlarının da zəiflədiyi müşahidə olunur. Nəticə etibarilə, Rusiya uzun illər Cənubi Qafqazda dayaq nöqtəsi kimi qəbul etdiyi Ermənistan üzərində mövqelərini getdikcə itirməkdədir. Bu dinamika davam edərsə, Moskvanın regiondakı ümumi strateji mövqelərinin daha da zəifləməsi istisna edilmir, xüsusilə də Azərbaycan və Gürcüstanda təsirin əvvəlki dövrlərlə müqayisədə xeyli məhdudlaşdığı nəzərə alındıqda".

Bu fikirləri Aznews.az-a açıqlamasında “Müasir İnkişaf” İctimai Birliyinin sədri, siyasi şərhçi Mübariz Göyüşlü deyib.

Qeyd edək ki, son illərdə Cənubi Qafqazda formalaşan geosiyasi dinamika Ermənistanın xarici siyasət prioritetlərində nəzərəçarpacaq dəyişikliklərə səbəb olub. Regional təhlükəsizlik mühitində baş verən transformasiyalar və mövcud güc balansının yenidən qurulması fonunda İrəvanın xarici siyasət kursunu daha çox Qərb institutlarına, xüsusilə də Avropa İttifaqına inteqrasiya istiqamətində yönləndirdiyi müşahidə edilir. Bu tendensiya Ermənistanın beynəlxalq münasibətlər sistemində manevr imkanlarını genişləndirmək cəhdi kimi dəyərləndirilir və ölkənin strateji oriyentasiyasında mərhələli dəyişimin göstəricisi hesab olunur.

Siyasi şərhçi qeyd edib ki, Ermənistanın xarici siyasət kursunda Qərbə, xüsusilə Avropa İttifaqına inteqrasiya istiqamətində daha fəal addımların atıldığı müşahidə olunur.

"Fransa və Almaniya kimi ölkələrin İrəvanla əlaqələrinin genişlənməsi də bu prosesə əlavə impuls verir. Bu kontekstdə, qarşıdan gələn seçkilərdə Paşinyanın yenidən hakimiyyətə gəlməsi ehtimalı yüksək qiymətləndirilir və bu ssenari reallaşarsa, Ermənistanın Qərbyönlü inteqrasiya xəttinin daha da dərinləşəcəyi proqnozlaşdırılır. Paralel olaraq, Rusiyanın ölkə daxilindəki təsir mexanizmlərinin daha da məhdudlaşması ehtimalı güclənə bilər. Ümumilikdə, Ermənistanın xarici siyasətində artıq strateji oriyentasiya üzrə seçim prosesi formalaşıb və bu tendensiya gələcək dövrdə daha açıq və sistemli xarakter ala bilər".

Rəfiqə Namazəliyeva,

AzNews.az