Türk Dövlətləri Təşkilatı beynəlxalq mövqelərini möhkəmləndirir.
AzNews.az xəbər verir ki, bu sözləri Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının üzvü, Milli Məclisin deputatı Rizvan Nəbiyev Türk Dövlətləri Təşkilatına üzv ölkələrin QHT-lərinin II Əməkdaşlıq Forumunda deyib.
O deyib ki, “Türk Dövlətləri Təşkilatı plus” formatında yeni tərəfdaşlar, imkanlar və əməkdaşlıq perspektivləri araşdırılır: “Klassik və ictimai diplomatiyanın sintezinə dair yeni konsepsiyalar hazırlanmalıdır. Sülh təşəbbüslərinin istiqamətlərindən biri də platformaların yaradılmasıdır. Bunlar Track 1 diplomatiyası, yəni klassik diplomatiyanın fəaliyyətidir. Digər istiqamət isə salonda əyləşən Türk Dövlətləri Təşkilatına üzv ölkələrin qeyri-hökumət təşkilatlarının fəaliyyətidir ki, bu da Track 2 diplomatiyasıdır. Buraya ictimai diplomatiya, elm diplomatiyası və mədəniyyət diplomatiyası daxildir. Çünki bunların biri digərini tamamlayır”.
R.Nəbiyev vurğulayıb ki, bu mənada, iki gün sonra Bakıda başlayacaq BMT-nin digər beynəlxalq forumu xüsusilə diqqət çəkir:
“Bu forum işğal nəticəsində torpaqları dağıdılmış, 150 milyard ABŞ dollarından çox zərər vurulmuş bir ölkənin azad edilmiş ərazilərinin bərpası istiqamətində həyata keçirdiyi fəaliyyəti ortaya qoyacaq”.