AMEA-da yeni təyinatlar - SİYAHI

24 Sentyabr 2013 09:31 (UTC+04:00)
AMEA Rəyasət Heyəti Mərkəzi Aparatında akademiyanın fəaliyyətində idarəetmənin təkmilləşdirilməsi, elmi fəaliyyətin müasir tələblərə uyğun təşkili və inkişafı məqsədilə struktur və kadr islahatları aparılır.

Modern.az xəbər verir ki, AMEA Rəyasət Heyətinin qərarı ilə Mərkəzi Aparatda idarə və şöbələrə yeni təyinatlar təsdiq olunub.

Qərara əsasən, AMEA Rəyasət Heyəti Mərkəzi Aparatında Ümumi şöbənin rəisi vəzifəsinə Sevinc Həsənova təsdiq edilib. S.Həsənova Azərbaycan Neft və Kimya İnstitutunun "İstehsal proseslərinin avtomatlaşdırılması" fakültəsini bitirib. 1988-ci ildən AMEA İnformasiya Texnologiyaları İnstitutunda çalışıb. İnformasiya texnologiyaları istiqamətində veb-resursların intellektual analizi ilə bağlı elmi-nəzəri və praktiki işlər, həmçinin veb-resurslar sahəsində qərarların qəbul edilməsini dəstəkləyən informasiya-analitik sistemin işlənməsi üzrə tədqiqatlar aparıb.

AMEA Rəyasət Heyətinin qərarı ilə Mərkəzi Aparatın Hüquqi təminat şöbəsinin rəis müavini vəzifəsinə hüquq üzrə fəlsəfə doktoru Rasim Ağasıyev təsdiq olunub.

R.Ağasıyev Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirib. AMEA RH Mərkəzi aparatında Xarici Əlaqələr Şöbəsinin rəis müavini işləyib.

AMEA Rəyasət Heyətinin qərarı ilə Mərkəzi Aparatın Elmi-təşkilat İdarəsinin rəis müavini vəzifəsinə Vüqar Haqverdiyev təsdiq olunub.
V.Haqverdiyev 1967-ci ildə anadan olub. Dnepropetrovsk Dövlət Universitetinin Tətbiqi-riyaziyyat fakültəsini bitirib. 2002-ci ildən AMEA RH Mərkəzi Aparatının Elmi-təşkilat şöbəsi rəisinin müavini vəzifəsində çalışıb.

AMEA Rəyasət Heyətinin qərarı ilə Mərkəzi Aparatın Xarici ölkələrin akademik qurumları ilə əlaqələr şöbəsinin rəisi vəzifəsinə Bünyamin Seyidov təsdiq edilib.

B.Seyidov 1981-ci ildə anadan olub. Bakı Dövlət Universitetinin "Sosial elmlər və psixologiya" fakültəsinin bakalavr, Qərb Universitetinin "Politologiya və beynəlxalq münasibətlər" fakültəsinin magistr dərəcəsi üzrə təhsil alıb. AMEA-nın Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunun doktorantıdır. Yeni təyinatadək AMEA RH Mərkəzi aparatında Xarici əlaqələr şöbəsində işləyib.

MEA Rəyasət Heyətinin qərarı ilə Mərkəzi Aparatın Beynəlxalq Əlaqələr İdarəsinin rəis müavini vəzifəsinə Zərifə Əliyeva təsdiq edilib.
Z.Əliyeva Xarici Dillər Universitetini ingilis dili ixtisası üzrə bitirib. Yeni təyinatadək AMEA RH Mərkəzi aparatında Xarici Əlaqələr şöbəsinin rəis müavini işləyirdi.

AMEA RH Mərkəzi Aparatın Maliyyə-iqtisad və mühasibat uçotu şöbəsinin rəisi vəzifəsinə İlqar Quliyev təsdiq olunub.

İ.Quliyev Azərbaycan Dövlət İqtisad Universitetinin Maliyyə-kredit fakültəsini bitirib. Texnika üzrə fəlsəfə doktorudur. 1996-cı ildən AMEA RH Mərkəzi Aparatında Uçot və Mühasibat hesabatı şöbəsinin rəisi işləyib.

AzNews.az