WUF13-ə ev sahibliyi Azərbaycan üçün böyük şərəf və ciddi məsuliyyətdir - Anar Quliyev

17 May 2026 09:50 (UTC+04:00)

Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasına (WUF13) ev sahibliyi etmək Azərbaycan üçün həm böyük şərəf, həm də ciddi məsuliyyətdir.

Aznews.az xəbər verir ki, bunu çıxışında Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev bildirib.

Onun sözlərinə görə, tarixi irslə müasir inkişafın qovuşduğu Bakı Yeni Şəhər Gündəliyinin qəbul edilməsinin 10 illiyinin qeyd olunduğu mühüm mərhələdə qlobal şəhərsalma dialoqu üçün əsas platformaya çevrilib.

Anar Quliyev qeyd edib ki, forum sürətli urbanizasiya, mənzil çatışmazlığı, iqlim riskləri və post-münaqişə bərpası kimi çağırışların müzakirəsi baxımından xüsusi əhəmiyyət daşıyır.

“Mənzil yalnız sosial məsələ deyil, həm də iqtisadi inkişaf, iqlim dayanıqlığı və insan ləyaqəti məsələsidir”, – komitə sədri vurğulayıb.

Onun sözlərinə görə, mənzil siyasəti torpaq istifadəsi, nəqliyyat, infrastruktur, yaşıl zonalar və sosial inteqrasiyanı əhatə edən kompleks yanaşmaya əsaslanmalıdır.