Müharibənin Öyrənilməsi İnstitutunun analitikləri bildiriblər ki, mayın 17-də Ukraynanın Moskva və Moskva vilayətinə endirdiyi zərbələr Rusiyanın hətta paytaxtını effektiv şəkildə qoruya bilmədiyini göstərib.
Məlumata görə, Rusiya hava hücumundan müdafiə sisteminin hücumları dəf edə bilməməsi rusiyalı hərbi bloqerlər və müharibə müxbirləri arasında ciddi narazılıq yaradıb. Bəzi şəxslər cavab zərbələri, hətta taktiki nüvə silahının tətbiqi çağırışları da ediblər.
Rus hərbi bloqerlər Moskva ətrafında pilotsuz aparatlara qarşı çoxsəviyyəli vahid HHM şəbəkəsinin yaradılmasını və erkən xəbərdarlıq sisteminin qurulmasını tələb ediblər.
Analitiklər həmçinin qeyd ediblər ki, Kremlin reaksiyası kifayət qədər zəif olub. Mariya Zaxarova hücumların mülki əhaliyə təsirini tənqid etsə də, müdafiə sənayesi və neft infrastrukturu obyektlərinə uğurlu zərbələr barədə danışmayıb.
Dmitri Peskov isə Rusiyanın nüvə dövləti olaraq mövcudluğunun təhlükə altında olmadığını bildirib.
Məlumata görə, hücum zamanı Zelenoqradda yerləşən “Elma” elmi-istehsalat kompleksi, “Anqstrem” yarımkeçirici zavodu, Moskva neft emalı zavodu və bir neçə neft nasos stansiyası hədəfə alınıb. Ukrayna tərəfi hücumda RS-1 “Bars”, FP-1 “Firepoint” və BARS-SM “GLADIATOR” tipli pilotsuz sistemlərdən istifadə edildiyini açıqlayıb.
Mövsüm,
AzNews.az