Yaxın Şərqdə gərginlik yenidən artarkən, İsrail mediasında diqqət çəkən hərbi hərəkətlilik iddiası gündəmə gəlib. İddialara görə, Almaniyadakı ABŞ hərbi bazaları üzərindən İsrailə qısa müddətdə böyük həcmdə silah və sursat göndərilib.
İsrailin Kanal 13 televiziya kanalının yaydığı məlumata əsasən, son 24 saat ərzində Almaniyadakı Amerika bazalarına enən çoxsaylı yük təyyarələri sursatla yenidən yüklənərək İsrailə göndərilib.
Xəbərdə qeyd olunub ki, həyata keçirilən daşımaların həcmi “adi olmayan intensivlikdə” olub və hərbi logistika son dərəcə sürətli şəkildə təşkil edilib.
Məlumata görə, İsrail ordusu İranla bağlı mümkün hərbi ssenarilər fonunda yüksək hazırlıq vəziyyətinə keçib. Hazırlıqların tamamlanması üçün xüsusi təqvim üzərində işlənildiyi də iddia olunur.
Bundan əlavə, Təl-Əviv rəhbərliyində ABŞ Prezidenti Donald Trump-ın İrana qarşı mümkün hərbi addımlara “yaşıl işıq” yandıra biləcəyi ilə bağlı gözləntilərin artdığı bildirilib.
İsrail Müdafiə Nazirliyi daha əvvəl də ABŞ-dan ağır silah və sursat daşınmalarının davam etdiyini açıqlamışdı. Aprel ayında yayılan məlumatda ümumilikdə 6 min 500 ton hərbi texnika və sursatın İsrailə çatdırıldığı qeyd olunmuşdu.
Son məlumatlar Vaşinqton və Təl-Əviv arasında hərbi koordinasiyanın son dövrlər daha da intensivləşdiyi barədə iddiaları gücləndirib.
Mövsüm,
AzNews.az