"Son aylarda Ukrayna Rusiyanın müxtəlif bölgələrində yerləşən strateji hədəflərə, xüsusilə yanacaq və neft emalı zavodlarına, eləcə də digər mühüm hərbi obyektlərə zərbələr endirməklə diqqət çəkir. Bu proses göstərir ki, son dövrlərdə strateji təşəbbüs müəyyən mənada Ukraynanın əlində cəmlənməyə başlayıb. Bir müddət əvvəl 9 May paradı ətrafında yaranmış vəziyyət də Ukraynanın son dönəmdə imkanlarını xeyli genişləndirdiyini ortaya qoydu. Xüsusilə də Ukraynanın öz istehsalı olan dron və raket sistemləri vasitəsilə Rusiyanın dərinliklərini vurmaq imkanları artıb. Artıq Ukrayna Silahlı Qüvvələrinin Perm, Orenburq, Yekaterinburq kimi Rusiyanın daxili bölgələrinə qədər uzanan ərazilərdə dəqiq zərbələr endirdiyi müşahidə olunur".
Bu fikirləri Aznews.az-a açıqlamasında siyasi şərhçi Oqtay Qasımov deyib.

Qeyd edək ki, Ukrayna ordusunun Moskva bölgəsinə həyata keçirdiyi genişmiqyaslı hücumlar və Ukrayna Prezidenti Volodimir Zelenskinin “500 kilometrdən çox məsafədə əməliyyat” açıqlaması müharibənin yeni mərhələyə keçdiyi ilə bağlı müzakirələri daha da gücləndirib. Kiyev bir tərəfdən Rusiyanın dərinliklərində yerləşən strateji obyektləri hədəfə almaq qabiliyyətini nümayiş etdirir, digər tərəfdən isə mümkün sülh danışıqlarında Avropanın daha fəal rol oynamasının vacibliyini ön plana çıxarır. Zelenski vurğulayıb ki, Ukrayna-Rusiya danışıqlarında Avropa güclü şəkildə təmsil olunmalı və bu prosesdə qitəni kimin təmsil edəcəyi məsələsi dəqiq müəyyənləşdirilməlidir. Ekspertlərin fikrincə, həm Moskva istiqamətində intensivləşən hücumlar, həm də Avropaya ünvanlanan siyasi mesajlar Kiyevin paralel şəkildə həm hərbi, həm də diplomatik strategiya həyata keçirdiyini göstərir.
Siyasi şərhçi qeyd edib ki, bu proses Rusiyanın həm iqtisadiyyatına ciddi zərbə vurur, həm də silahlı qüvvələr daxilində psixoloji durumun zəifləməsinə səbəb olur.
"Paraddan sonra Rusiyanın Kiyev və digər iri şəhərlərə kütləvi hücumlar həyata keçirməsi, buna cavab olaraq isə Ukraynanın Moskva və Moskva vilayətində hədəflərə ciddi zərbələr endirməsi göstərir ki, Ukrayna artıq malik olduğu silah və pilotsuz uçuş aparatları ilə Rusiyanın dərinliklərini rahat şəkildə vurmaq imkanına sahibdir. Xüsusilə Moskva ətrafında endirilən zərbələr Rusiyanın ən güclü hava hücumundan müdafiə sistemlərinin belə tam effektiv olmadığını nümayiş etdirir. Qeyd olunmalıdır ki, Ukraynanın bu hücumları iki əsas məqsədə hesablanıb. Birincisi, Ukrayna öz müqavimət potensialının artdığını nümayiş etdirir. Bu müqavimətin güclənməsində isə Avropanın xüsusi rolu var. Belə ki, Avropa İttifaqı tərəfindən Ukraynaya ayrılan genişmiqyaslı yardım paketləri ölkənin həm maliyyə imkanlarının, həm də hərbi sənaye potensialının gücləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Digər tərəfdən, Rusiyada iqtisadi artım tempinin zəifləməsi də müşahidə olunur. Ukrayna bu zərbələrlə həm strateji təşəbbüsü əlində saxlamağa, həm də psixoloji üstünlük əldə etməyə çalışır. Məqsəd gələcək danışıqlar masasında daha güclü mövqedən çıxış etməkdir. Eyni zamanda nəzərə alınmalıdır ki, Ukrayna hazırda təkcə öz təhlükəsizliyi üçün deyil, Avropanın təhlükəsizliyi baxımından da mühüm rol oynayır. Buna görə də Kiyev gələcək danışıqlarda Avropanın daha təsirli və fəal tərəf kimi iştirak etməsində maraqlıdır".
Rəfiqə Namazəliyeva,
AzNews.az