"Birincisi, qısa videolar jurnalistika məhsulu deyil; onların əksəriyyəti təsadüfi şəxslər tərəfindən çəkilir və paylaşılır. Yəni bu materiallar sırf jurnalist məhsulu kimi təqdim edilə bilməz. Çünki onları hazırlayan və yayan şəxslər jurnalistika ilə mütəmadi şəkildə məşğul olan insanlar deyillər. Buna görə də belə məzmunların jurnalistika standartlarından kənar olma ehtimalı olduqca yüksəkdir. Demək istədiyim odur ki, bu proses jurnalistikanı sadələşdirmir, əksinə səthi və yönləndirilmiş informasiya istehlakını artırır. Həqiqətən də, bu cür paylaşımlar çox vaxt paylaşan şəxsin və ya qurumun – bəzən açıq, bəzən isə gizli məqsədlərinə xidmət edir. Belə bir şəraitdə həmin materialları jurnalistika məhsulu kimi qiymətləndirmək düzgün deyil".
Bu fikirləri Aznews.az-a açıqlamasında media eksperti Azər Həsrət deyib.
Qeyd edək ki, son illərdə sosial şəbəkələr təkcə ünsiyyət vasitəsi deyil, həm də əsas xəbər mənbələrindən birinə çevrilib. Xüsusilə TikTok, Instagram Reels və YouTube Shorts kimi qısa video platformaları gənclərin informasiya istehlakı vərdişlərini köklü şəkildə dəyişdirib. Artıq bir çox gənc gündəlik xəbərləri ənənəvi media orqanlarından deyil, 30–60 saniyəlik videolardan öyrənir. Bu dəyişiklik informasiya əldə etmə sürətini artırsa da, eyni zamanda xəbərin dərinliyi, doğruluğun yoxlanılması və kontekstin tam verilməsi kimi məsələləri də gündəmə gətirir. Algoritmlərin idarə etdiyi bu yeni media mühiti istifadəçiyə fərdiləşdirilmiş informasiya axını təqdim edir, lakin bu, “informasiya balonu” riskini də gücləndirir.
Ekspert qeyd edib ki, təkcə gənclər deyil, yaşlı nəsil də artıq xəbəri izləməkdən daha çox onu təhlil etməyə meyil göstərmir.
"Hətta bəzən ən əsassız xəbərlərə belə inanmaq halları artır, xüsusilə də sensasiya və emosional təsir üzərində qurulan məlumatlarda. Geniş auditoriya çox vaxt təqdim olunan informasiyanı tənqidi yanaşmadan qəbul edir və yalan məlumatları belə gerçək kimi qəbul etməyə meyilli olur. Bu isə onu göstərir ki, ümumilikdə təhlil etmə bacarığı zəifləyir. Yeni texnologiyalar dövründə bu tendensiya daha da güclənir. Söhbət burada fərdi hallardan yox, kütləvi davranışdan gedir. Bir zamanlar ənənəvi media daha məhdud idi: qəzetlər çıxırdı, televiziya kanalları az idi, radio isə əsas informasiya mənbələrindən biri idi. O dövrdə insanlar xəbəri səhər alır, gün ərzində isə həmin xəbəri düşünür, onu təhlil etməyə daha çox vaxt ayırırdılar. İndi isə vəziyyət fərqlidir: xəbər oxunduğu an belə tez unudulur, çünki ardınca yeni məlumat axını gəlir. Təəssüflə qeyd etmək lazımdır ki, bu proses media savadlılığına və ictimai rəyə mənfi təsir göstərir. Artıq keyfiyyətli jurnalistika axtarışı demək olar ki, ikinci plana keçib. Təkcə istehlakçı deyil, eyni zamanda media istehsalçıları da keyfiyyət məsələlərini arxa plana atmaq məcburiyyətində qalır. Bu səbəbdən operativlik və çeviklik ön plana çıxır. Lakin bu yarışda bir çox hallarda yanlış və dəqiqləşdirilməmiş informasiyalara üstünlük verilir. Çünki bəzi media qurumları düşünür ki, daha çox diqqət cəlb etmək üçün sensasiyalı və sürətli yayılan məzmun təqdim etmək lazımdır. Nəticədə isə aşağı keyfiyyətli jurnalistika ictimai rəyə mənfi təsir göstərir və ümumilikdə jurnalistikanın keyfiyyətini aşağı salır. Yeni texnologiyaların geniş əlçatanlığı bir tərəfdən faydalı olsa da, digər tərəfdən ciddi informasiya təhlükələri də yaradır".
Rəfiqə Namazəliyeva,
AzNews.az