Ötən əsrin əvvəllərində dünyada əhalisinin sayı yüz min nəfəri keçən şəhərlərin sayı olduqca az idi. Lakin indi dünyanın elə meqopolisləri var ki, on milyonlarla insanın yaşayış məskənidir. Şəhər əhalisinin sayının sürətlə artması qlobal miqyasda yeni iqtisadi, sosial və demoqrafik problemlərin meydana çıxması deməkdir. Bu problemlər- sürətli urbanizasiya və onun əhaliyə, şəhərlərə, iqtisadiyyatlara, iqlim dəyişikliyinə təsiri 2001-ci ildəb etibarən Birləşmiş Millətlər Təşkilatının təşkil etdiyi Ümumdünya Şəhərsalma Forumunda (WUF) geniş müzakirə olunur. Forumun "Hər kəs üçün yaşayış yerləri: təhlükəsiz, dayanıqlı şəhərlər və yaşayış məskənləri" mövzusunda 13-cü qlobal konfransının Azərbaycan paytaxtında keçirilməsi bu baxımdan mühüm tarixi hadisədir. Forumda iştirak etmək üçün Azərbaycana 182 ölkədən 45 mindən çox şəxs gəlib. Bu, Azərbaycanda ilyarım öncə keçirilmiş COP29 tədbirindən sonra ikinci rekord nəticədir.
Urbanizasiya həm də şəhər həyat tərzinin streotiplərini yayan, mentalitetini dəyişdirən və texnoloji tərəqqi nəticəsində sənaye, nəqliyyat, sosial və mədəniyyət mühitini inkişaf etdirən prosesdir. Odur ki, tədbiri Azərbaycanın qlobal sənaye və texnologiya müstəvisində inteqrasiyası ilə yanaşı, müasir mədənimiyyətimizin dünya tərəfindən tanınmasına və qəbul edilməsinə təkan verəcək hadisə kimi də qiymətləndirmək olar. Bəli, XX əsrin böyük dövlətləri sənaye ilə yüksəlib. XXI əsrin güclü dövlətləri isə şəhər modelləri ilə önə çıxır. Bu gün dünyada ölkələrin inkişaf səviyyəsini təkcə iqtisadi göstəricilər müəyyən etmir. İnsanların hansı şərtlər altında yaşadığı, urban mühitin nə qədər təhlükəsiz və funksional qurulduğu əsas meyarlardan birinə çevrilib. Bu baxımdan Azərbaycan prezidenti İlham Əliyevin Ümumdünya Şəhərsalma Forumundakı çıxışı ölkəmiz və xalqımız adına qürurverici olmaqla yanaşı, eyni zamanda, müasir sivilizasiyaya yön verən tarixi mesajlar idi. Azərbaycan liderinin öz çıxışında inklüziv, təhlükəsiz və dayanıqlı şəhərlər konsepsiyasını ön plana çıxarması bu baxımdan təsadüfi deyil. Bu yanaşma dünyanın əsas inkişaf trendidir. Zəmanəmiz urbanizasiyanı əhalinin şəhərlərə köçü kimi yox, idarəolunan sosial transformasiya kimi qəbul edir.
Dövlət başçısının öz çıxışında işğaldan azad olunmuş Azərbaycan ərazilərinin yenidən inşasına diqqət çəkdi. Qarabağ və Şərqi Zəngəzurda aparılan bərpa və yenidənqurma işləri gerçəkdən də Azərbaycanın şəhərsalma sahəsində dünyaya təqdim etdiyi unikal nümunədir. Bu nümunə dünyanın bir çox ölkələri üçün sadəcə əlçatmazdır. Heç kimə sirr deyil ki, Qarabağ və Şərqi Zəngəzurun yenidən məskunlaşdırılması köhnə sovet modeli əsasında deyil, birbaşa XXI əsr urbanizasiya konsepsiyasının tətbiqi ilə həyata keçirilir. Smart idarəetmə, yaşıl enerji, rəqəmsal infrastruktur, funksional məkan bölgüsü və ekoloji balans Azərbaycan fərqini ortaya qoyan ən müasir sistemlərdir. Bu prosesin ən mühüm faydası regionun yeni cazibə mərkəzinə çevrilməsi olacaq. Uzun illər Azərbaycan urbanizasiyası əsasən Bakı ətrafında formalaşırdı. İndi isə dövlət bölgələrdə, hətta Laçın və Kəlbəcər kimi dağların qoynunda, sərt iqlim şəraitində yerləşən şəhərləri ayrıca iqtisadi və sosial mərkəzlərə çevirməyə çalışır. Bu isə gələcəkdə həm paytaxt yükünü azalda, həm də ölkədaxili inkişaf balansını dəyişə bilər. Prezident İlham Əliyevin bu yöndə verdiyi mesajlar göstərir ki, onun qarşısında Qarabağda dağıdılmış evlərin texniki bərpası yox, bütövlükdə yeni yaşayış fəlsəfəsi formalaşdırmaq hədəfi dayanır. Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən layihələr bu hədəf üçün bir növ urbanizasiya laboratoriyasıdır.
Lakin Azərbaycanın fərqini ortaya qoyan yeganə göstərici, heç şübhəsiz, Qarabağ və Şərqi Zəngəzur deyil.
Əvvəla, xalqımız tarixən şəhərsalmaya meyilli olub və Bərdə, Gəncə, Qəbələ, Naxçıvan, Şamaxı, Bakı kimi orta çağların məşhur, şöhrəti dillər əzbəri olan yaşayış məskənlərini qurub.
Mərhum prezident Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi hər iki dövrdə ölkəmizdə şəhərləşməyə xüsusi diqqət yetirib. Nəinki 19-cu əsrdə, hətta sovet hakimiyyətinin ilk onilliklərində kənd olmaqdan irəli gedə bilməyən rayon mərkəzləri əsl dinamika yaşayıb, Bakı-Sumqayıt aqlomerasiyası demək olar ki, yenidən qurulub.
Nəhayət, Prezident İlham Əliyev və Birinci vitse-prezident İlham Əliyev istər paytaxtda, istərsə də regionlarda urbanizasiya prosesinə hər zaman prioritet məsələ kimi yanaşıblar. Bu gün Yevlax, Naftalan, Quba və digər şəhərlərdə mövcud olan yeni plan, Bakıda “Ağ şəhər” layihəsi bu baxımdan cəmi bir neçə nümunədir.

Məsələnin daha bir vacib tərəfi də var.
Dünya, necə deyərlər, od tutub yanır. Qonşuluğumuzdakı iki dövlət müharibə şəraitindədir. Dünyanın müxtəlif bölgələrində münaqişələrin, geosiyasi qarşıdurmaların və təhlükəsizlik böhranlarının dərinləşdiyi bir mərhələdə Azərbaycan etibarlı dialoq və əməkdaşlıq məkanına çevrilə bilib. COP29 və WUF13 kimi qlobal tədbirlərin Bakıda keçirilməsi, özü də yüksək təşkilatçılıq göstəriciləri ilə keçirilməsi beynəlxalq ictimaiyyətin Azərbaycana duyduğu etimadın ifadəsidir. Çünki qlobal miqyaslı tədbirlər yalnız təhlükəsizlik baxımından sabit, siyasi baxımdan proqnozlaşdırılan və müxtəlif maraq qrupları üçün neytral ünsiyyət mühiti təqdim edən ölkələrdə keçirilir. Azərbaycan isə Şərqlə Qərbin, Şimalla Cənubun kəsişməsində yerləşən bir dövlət kimi fərqli siyasi sistemlərə, mədəniyyətlərə və maraqlara malik aktorları eyni platformada bir araya gətirməyi bacaran nadir məkanlardan biridir. Bu baxımdan Bakı Azərbaycanın paytaxtı olaraq qlobal məsələlərin təhlükəsiz şəkildə müzakirə olunduğu strateji diplomatik mərkəzdir.
Taleh ŞAHSUVARLI,
AzNews.az analitik-informasiya portalının baş redaktoru