İrandan sərt xəbərdarlıq: “Hücum olsa, regiondakı neft obyektlərini vuracağıq”

19 May 2026 16:54 (UTC+04:00)

İran parlamentinin milli təhlükəsizlik komitəsinin üzvü Əhməd Baxşayeş Ərdistani ABŞ-nin İrana hücum edəcəyinə inanmadığını, lakin mümkün hərbi əməliyyat zamanı Tehranın regiondakı neft obyektlərini hədəf alacağını bildirib.

O, ABŞ-nin hücum edəcəyi təqdirdə əsas hədəflərin Xark adası və İsfahan ola biləcəyini deyib. Deputatın sözlərinə görə, İsfahana mümkün zərbənin məqsədi “400 kiloqram uranı ələ keçirmək” ola bilər.

Ərdistani hesab edir ki, hazırkı “nə sülh, nə də müharibə” vəziyyəti davam edəcək. Onun fikrincə, Vaşinqton İran iqtisadiyyatına təzyiqi artırmağa və ölkədaxili narazılığı gücləndirməyə çalışır.

İranlı deputat əlavə edib ki, ölkəsinə hücum ediləcəyi halda Tehran boru xətlərini deyil, birbaşa neft quyularını və enerji obyektlərini vuracaq:

“Əgər bizi neftsiz qoymaq istəsələr, biz də onların neft quyularını hədəfə alacağıq ki, qlobal yanacaq qiymətləri artsın”.

Mövsüm,

AzNews.az