Azərbaycanla Dünya Bankı arasında rəsmi statistika sisteminin inkişafı müzakirə olunub

19 May 2026 17:01 (UTC+04:00)

Dövlət Statistika Komitəsinin sədri Azər Mursaqulovun Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru xanım Roland Praysın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşü keçirilib.

AzNews.az komitəyə istinadən xəbər verir ki, görüş zamanı rəsmi statistika sisteminin inkişafı, hüquqi və institusional çərçivənin təkmilləşdirilməsi, milli hesablar sisteminin modernləşdirilməsi və statistik məlumatların keyfiyyətinin artırılması məsələləri müzakirə olunub.

Tərəflər məlumatların toplanılması, istehsalı və yayılması proseslərinin modernləşdirilməsi, inzibati məlumat mənbələrindən istifadənin genişləndirilməsi, informasiya texnologiyaları infrastrukturunun inkişafı və beynəlxalq statistik standartların tətbiqi istiqamətində fikir mübadiləsi aparıblar.

Dünya Bankı Dövlət Statistika Komitəsinə bu istiqamətdə dəstək göstərməyə hazır olduğunu ifadə edib. Görüşdə həmçinin məlumatların əlçatanlığının artırılması, statistik məlumatların qərarvermə prosesində rolu və statistik sistemin uzunmüddətli inkişaf prioritetləri ilə bağlı məsələlər müzakirə olunub.

Görüşün yekununda tərəflər statistik proseslərdə müasir yanaşmaların tətbiqi və bu istiqamətdə gələcək əməkdaşlığın əhəmiyyətini vurğulayıblar.