Ekvadorun sabiq XİN rəhbəri: Dünya əhalisi sürətlə yaşlanır

20 May 2026 11:21 (UTC+04:00)

Dünyada doğum səviyyəsinin azalması ilə yanaşı, texnologiyanın həyati əhəmiyyəti daha da artacaq.

Aznews.az xəbər verir ki, bunu Ekvadorun sabiq xarici işlər naziri, Qlobal Cənub QHT Platformasının baş katibinin müavini Luiz Qalleqos WUF13 çərçivəsində keçirilən “Dayanıqlı şəhərlərin süni intellektlə qurulması və ağıllı infrastruktur” adlı yan tədbirdə deyib.

“Eyni zamanda dünya əhalisi sürətlə yaşlanır. Hazırda yaşlanan insanların sayı çox böyükdür və 2050-ci ilə qədər bu rəqəm 2 milyarda çatacaq. Bu isə cəmi 24 il sonra baş verəcək.

Biz robot texnologiyalarından, süni intellektdən və sensorlardan qayğı xidmətlərində, insan əməyini əvəz edən dəstək sistemlərində istifadə edilməsindən danışırıq.

Burada söhbət milyardlarla insandan gedir. Əgər 1,3 milyard əlilliyi olan insan varsa və hər birinin ətrafında ona qayğı göstərən ən azı iki nəfər — valideyn, baxıcı və ya səhiyyə işçisi varsa, bu artıq 2,9 milyard insan deməkdir ki, onlar texnologiyanın imkanlarından istifadə etməyə ehtiyac duyurlar və cəmiyyətin əsas axınına daxil edilməlidirlər”, - sabiq nazir vurğulayıb.

Çıxış zamanı süni intellekt və texnologiyanın yaratdığı imkanlarla yanaşı, mövcud risklərə də diqqət çəkilib. Bildirilib ki, texnologiyalar yalnız müsbət tərəfdən qiymətləndirilməməli, eyni zamanda onların yaratdığı təhlükələr və sosial bərabərsizliklər də nəzərə alınmalıdır.