"Dünya Bankının maliyyəsi təkbaşına gecəqondu problemini həll etmir"

20 May 2026 11:43 (UTC+04:00)

Keniyada qeyri-rəsmi yaşayış məntəqələrinin yenilənməsi üzrə proqramın uğuru maliyyələşdirmə ilə yanaşı, torpaq məsələsinin həlli və icmaların fəal iştirakı ilə bağlıdır.

Aznews.az xəbər verir ki, bunu Keniyanın torpaq, ictimai işlər, mənzil və şəhərsalma naziri Alis Vahome WUF13 çərçivəsində keçirilən “Qeyri-rəsmi yaşayış məntəqələrinin və gecəqonduların transformasiyası: dünya üçün mənzil təminatı” adlı dialoq sessiyasında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Keniyanın Qeyri-rəsmi Yaşayış Məntəqələrinin Yaxşılaşdırılması Proqramı (KISIP) Dünya Bankının təxminən 350 milyon ABŞ dolları həcmində maliyyə dəstəyi ilə həyata keçirilir.

Alis Vahome qeyd edib ki, yalnız maliyyə resurslarının mövcudluğu kifayət etmir. Proqramın uğuru üçün torpaq məsələsinin həlli və yerli icmaların prosesə cəlb edilməsi həlledici rol oynayır.

Nazirin sözlərinə görə, gecəqondularda yaşayan insanların əksəriyyəti tikililərin sahibi olmasa da, həmin ərazilərdə nəsillər boyu yaşayırlar. Bu isə mülkiyyət hüquqlarının rəsmiləşdirilməsini və beynəlxalq maliyyə institutlarının tələblərinə uyğun sənədləşdirməni əsas çağırışlardan birinə çevirir.

O vurğulayıb ki, sakinlərin iştirakı və torpaq sənədlərinin tənzimlənməsi olmadan qeyri-rəsmi yaşayış məntəqələrinin yenilənməsi üzrə layihələrin dayanıqlı nəticə verməsi çətindir.