ABŞ Avropadan geri çəkilir? Pentaqondan diqqətçəkən qərar

20 May 2026 14:39 (UTC+04:00)

Amerika–Avropa münasibətlərində yeni mərhələ başlayır.

Uzun illər Avropa ölkələri təhlükəsizlik baxımından əsasən ABŞ-ın hərbi dəstəyinə arxalanırdı. Lakin bu dəfə Vaşinqtondan gözlənilən dəstək tam şəkildə gəlmədi.

ABŞ-ın Avropadakı hərbi gücü azaldılır

ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) sözçüsü Şon Parnell sosial media hesabında Avropadakı Amerika hərbi qüvvələri ilə bağlı yeni qərarı açıqlayıb.

Açıqlamaya əsasən, ABŞ-ın Avropadakı hərbi briqada sayı 2021-ci il səviyyəsinə endiriləcək.

Polşaya qoşun göndərilməsi gecikəcək

Parnell bildirib ki, Avropadakı ABŞ döyüş briqadalarının sayı dörddən üçə salınıb. Bu qərarın Polşaya yeni Amerika qüvvələrinin yerləşdirilməsində gecikməyə səbəb olacağı qeyd olunub.

“Washington Post” qəzetinin məlumatına görə, hər briqadada təxminən 4 min hərbçi, tanklar və müxtəlif hərbi texnikalar mövcuddur.

“Avropa öz ayaqları üzərində dayanmalıdır”

ABŞ vitse-prezidenti JD Vens daha əvvəl açıqlamasında Polşadakı Amerika hərbçilərinin sayının azaldılmadığını, yalnız yeni qüvvələrin göndərilməsinin təxirə salındığını demişdi.

O, ABŞ-ın Avropa ölkələri ilə münasibətlərinin güclü olaraq qaldığını vurğulasa da, “Avropanın artıq öz ayaqları üzərində dayanmasının vaxtı çatdığını” bildirib.

Mövsüm,

AzNews.az