“Azərbaycan artıq Avropanın enerji təhlükəsizliyində strateji tərəfdaşa çevrilib” - Hikmət Babaoğlu

20 May 2026 19:27 (UTC+04:00)

"Azərbaycanda artıq Ümumdünya Şəhərsalma Forumu uğurla başa çatmaq üzrədir və bu beynəlxalq tədbirin yüksək səviyyədə təşkili bir daha ölkəmizin mühüm qlobal tədbirləri təşkil etmək bacarığını nümayiş etdirir. Eyni zamanda iştirakçıların çoxluğu və gündəliyin zənginliyi beynəlxalq münasibətlər sistemində Azərbaycana olan münasibətin və ehtiramın göstəricisi kimi qiymətləndirilə bilər. Şübhəsiz ki, bu iki amil Birləşmiş Millətlər Təşkilatının Məskunlaşma Proqramının himayəsi altında keçirilən bu böyük beynəlxalq tədbirin daha səmərəli keçməsinə töhfə verdi. Bununla yanaşı, forum çərçivəsində Azərbaycanda şəhərsalma mədəniyyətinin, bu sahədə həyata keçirilən işlərin, xüsusilə də işğaldan azad edilmiş ərazilərdə yeni şəhərlərin hansı formada qurulmasının təqdimatı da həyata keçirildi. VUF çərçivəsində Azərbaycan Prezidenti də məsələ ilə bağlı “Euronews” televiziyasına müsahibəsində bir sıra mühüm məqamlara toxundu. Bu istiqamətlərdən biri Azərbaycanın foruma ev sahibliyi etdiyi dövrdə müəyyənləşdirilən gündəlik və həmin gündəlik çərçivəsində ideya və təşəbbüslərin müzakirəsi, qarşılıqlı təcrübə mübadiləsinin aparılması idi".

Bu fikirləri Aznews.az-a açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Euronews” televiziyasına verdiyi müsahibədə Azərbaycanın beynəlxalq arenada artan strateji roluna diqqət çəkib. Dövlət başçısı bildirib ki, Bakının BMT-nin Ümumdünya Şəhərsalma Forumuna ev sahibliyi etməsi ölkəmizə göstərilən beynəlxalq etimadın və Azərbaycanın qlobal təşəbbüslərdə fəal iştirakının göstəricisidir. Prezident eyni zamanda Azərbaycanın enerji siyasətinin artıq regional çərçivəni aşaraq Avropanın enerji təhlükəsizliyinin əsas dayaqlarından birinə çevrildiyini vurğulayıb. Müsahibədə qeyd olunub ki, hazırda Azərbaycan qazı Cənub Qaz Dəhlizi vasitəsilə 16 ölkəyə ixrac edilir və Avropa dövlətlərinin Azərbaycanla enerji əməkdaşlığına marağı getdikcə artır. TANAP və TAP boru kəmərlərinin strateji əhəmiyyətinə toxunan dövlət başçısı, Azərbaycanın etibarlı enerji tərəfdaşı kimi mövqeyini daha da gücləndirdiyini bildirib. Mövcud geosiyasi proseslər, enerji böhranı və alternativ enerji mənbələrinə artan tələbat fonunda Azərbaycanın Avropanın enerji təhlükəsizliyi sistemindəki rolu daha da aktuallaşır.

Deputat qeyd edib ki, digər mühüm məqamlardan biri də Azərbaycan Prezidenti tərəfindən Avropa İttifaqı ilə Azərbaycan arasındakı münasibətlərin qiymətləndirilməsi olub.

"Prezident hazırda Azərbaycanın 16 ölkəyə qaz ixrac etdiyini vurğuladı. Lakin mövcud böhranlar fonunda məsələni daha geniş və tarixi kontekstdə də dəyərləndirmək lazımdır. Əgər vaxtında Azərbaycanda strateji kommunikasiyalar qurulmasaydı, Bakı–Tbilisi–Ceyhan və Cənub Qaz Dəhlizi kimi qlobal layihələr həyata keçirilməsəydi, bu gün Azərbaycan Avropanın alternativ enerji mənbələrindən birinə çevrilə bilməzdi və Avropa İttifaqı ilə münasibətlər indiki səviyyəyə çatmazdı. Bu baxımdan Azərbaycan dövlətinin uzunmüddətli və düzgün strateji qərarlar qəbul etmə siyasətini xüsusi qeyd etmək lazımdır. Azərbaycan Prezidenti də çıxışında TANAP və TAP boru kəmərləri vasitəsilə Azərbaycanın bu gün mühüm strateji mövqeyə malik olduğunu bildirdi. Bu strateji mövqe eyni zamanda Avropa İttifaqına üzv dövlətlərin enerji təhlükəsizliyi baxımından maraqlarına da xidmət edir. Prezidentin fikirlərində geosiyasətin mühüm strateji konturları açıq şəkildə görünürdü və bu siyasətin müəllifi məhz Azərbaycandır. Hazırda Azərbaycan gələcəkdə daha aydın qiymətləndiriləcək mühüm layihələr həyata keçirir. Bu layihələr postmünaqişə dövründə yaranan yeni reallıqlar və inteqrasiya imkanları ilə birbaşa bağlıdır. Bu baxımdan Azərbaycan qazına, enerji resurslarına və xüsusilə yaşıl enerji mənbələrinə tələbatın artması, əsas istehlak bazarının isə Avropa olması forumun əhəmiyyətini daha da artırır. Çünki urbanizasiya problemlərinin əsas istiqamətlərindən biri ekoloji məsələlərdir. Yaşıl enerji isə bu problemlərin aradan qaldırılmasında əsas vasitələrdən biri kimi çıxış edir. Buna görə də hesab edirəm ki, uzunmüddətli perspektivdə bu əməkdaşlıq Avropa İttifaqı–Azərbaycan münasibətlərini daha da dərinləşdirəcək və strateji xarakterini gücləndirəcək".

Rəfiqə Namazəliyeva,

AzNews.az