"Qurban bayramına yaxın günlərdə qurbanlıq heyvanlara tələbatın artması ət bazarında qiymətlərlə bağlı narahatlıqları yenidən aktuallaşdırıb. Ona görə də bayram ərəfəsində müəyyən qiymət dəyişiklikləri mümkündür. Bunun əsas səbəbləri arasında tələbatın artması, yem xərclərinin yüksəlməsi, nəqliyyat və saxlanma xərcləri, eləcə də mövsümi amillər yer alır. Bununla yanaşı, bazarda kifayət qədər heyvan ehtiyatının olması qiymət artımının kəskin olmasının qarşısını ala bilər".
Bu fikirləri Aznews.az-a açıqlamasında Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli deyib.
Qeyd edək ki, Qurban bayramına günlər qaldıqca bazarlarda və heyvandarlıq sektorunda hərəkətlilik artır. Bayram ərəfəsində qurbanlıq heyvanlara marağın yüksəlməsi isə ənənəvi olaraq ət bazarında qiymətlərlə bağlı müzakirələri yenidən aktuallaşdırır. Son aylarda ərzaq məhsullarında müşahidə olunan qiymət dəyişiklikləri fonunda vətəndaşları ən çox maraqlandıran məsələlərdən biri də bayram günlərində ətin qiymətində artım olub-olmayacağıdır.
A. Nəsirli qeyd edib ki, son illərdə dövlət qurumları tərəfindən həyata keçirilən nəzarət tədbirləri və təşkil olunan satış yarmarkaları qiymət sabitliyinin qorunmasına müəyyən təsir göstərir.
"Hesab edirik ki, bayram günlərində qısa müddətli və cüzi bahalaşma müşahidə olunsa da, ciddi qiymət sıçrayışı gözlənilmir. Qiymətlərin sabit qalması üçün bazarda təklifin tələbatı qarşılaması əsas şərtlərdən biri sayılır".
Rəfiqə Namazəliyeva,
AzNews.az