"Artıq Ermənistanda qarşıdurma daha da dərinləşməkdədir. Hələlik tərəflərin müxtəlif formalarda qarşılıqlı ittihamlar və müəyyən gərginlik fonunda mübarizə apardıqları müşahidə olunur. Lakin zaman keçdikcə bu qarşıdurma daha da kəskin xarakter alır. İstər Baş nazir Nikol Paşinyanın səsləndirdiyi fikirlər, istərsə də müxalifətin ona qarşı mövqeyi, həmçinin Paşinyanın öldürülməsi ilə bağlı yayılan videolar və gündəmə gətirilən digər məqamlar vəziyyətin nə qədər mürəkkəb olduğunu göstərir. Hesab edirəm ki, Paşinyana qarşı hər an terror və ya təxribat xarakterli addımların atılması ehtimalı mövcuddur".
Bu fikirləri Aznews.az-a açıqlamasında “Müasir İnkişaf” İctimai Birliyinin sədri, siyasi şərhçi Mübariz Göyüşlü deyib.
Qeyd edək ki, Ermənistanda parlament seçkilərinə 19 gün qalıb. İyunun 7-də keçiriləcək seçkilərdə Baş nazir Nikol Paşinyan müxalif namizədlərlə mübarizə aparır. Hakimiyyət və müxalifət arasında gərginlik isə artır. İrəvanda sakinlərlə görüş zamanı Paşinyanla bir qadın arasında mübahisə yaşanıb. Baş nazir revanşist qüvvələrə sərt mesajlar verib. Sosial şəbəkələrdə yayılan videoda maskalı şəxslərin Paşinyanı ölümlə hədələməsi siyasi atmosferi daha da gərginləşdirib. Parlament sədri Alen Simonyan isə “Qarabağ klanı”nı Baş nazirə qarşı sui-qəsd planında ittiham edib.
Siyasi şərhçi qeyd edib ki, müxalifətin radikal addımlara əl atması ehtimalı istisna olunmur və Ermənistan siyasətində bu cür gərgin hadisələr əvvəllər də müşahidə edilib.
"Xüsusilə seçki tarixinin yaxınlaşması fonunda qarşıdurmanın daha da dərinləşəcəyi gözlənilir. Lakin bütün bu gərginliyə baxmayaraq, əgər seçkilər bu gün keçirilsəydi, məncə, Paşinyanın qalib gəlmək şansı daha yüksək olardı. Çünki o, Ermənistanı düzgün istiqamətə aparmaq üçün müəyyən addımlar atmağa və islahatlar həyata keçirməyə çalışır".
Rəfiqə Namazəliyeva,
AzNews.az