Avropa Parlamenti İrana qarşı yeni sanksiyalar tələb etdi

21 May 2026 15:36 (UTC+04:00)

Avropa Parlamenti İran rəsmilərinə qarşı sanksiyaların genişləndirilməsinə çağırış edib. Qurum bildirib ki, İranda etirazçılara qarşı ölkə tarixində “ən böyük kütləvi qırğın” həyata keçirilir.

Avropa Parlamentinin bəyanatında qeyd olunub ki, İran hakimiyyəti siyasi fəallığın qarşısını almaq üçün ölüm hökmündən istifadə edir. Deputatlar Tehrandan edam cəzasını ləğv etməyi və bütün siyasi məhbusları dərhal azad etməyi tələb ediblər.

Qətnamədə mart və aprel aylarında müxalif şəxslərin, o cümlədən azyaşlıların gizli şəkildə edam olunması da tənqid edilib. Sənəddə repressiyalarla əlaqəli şəxslərə və qurumlara, o cümlədən İran İnqilab Keşikçiləri Korpusu və ali dini liderlə əlaqəli institutlara qarşı sanksiyaların tətbiqi istənilib.

Avropa Parlamenti həmçinin Avropa İttifaqı ölkələrini transmilli təqiblərlə əlaqələndirilən İran diplomatik nümayəndəliklərini bağlamağa çağırıb. Deputatlar internet məhdudiyyətləri fonunda iranlıların təhlükəsiz internetə çıxış imkanlarının artırılmasını da tələb ediblər.

Mövsüm,

AzNews.az